DiasporPress.az xəbər verir ki, 13-14 aprel 2020-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, UNICEF Azərbaycanın texniki dəstəyi ilə həyata keçirilən “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsinin Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarından seçilmiş üzvləri ilə onlayn platforma üzərindən görüş baş tutmuşdur.
Görüşün keçirilməsinin məqsədi İcra Hakimiyyətləri yanında Gənclərdən ibarət Məşvərət Şuralarının iştirakçılarının layihənin tərəfdaşları və təşkilatçıları ilə ümumi görüşünün həyata keçirilməsi, Şura üzvlərinin gözləntiləri və gələcək fəaliyyəti haqqında fikirlərinin dinlənilməsi, onların layihə müddəti ərzində icra etmək istədikləri fəaliyyətləri nəzərdən keçirmək olmuşdur. Görüşdə həmçinin Şura üzvlərinin СOVİD-19 virusuna qarşı mübarizədə fəaliyyət təklifləri də dinlənilmişdir.
Baş tutmuş onlayn görüşdə şura üzvləri ilə yanaşı ARGTMŞ-nın sədri Məryəm Məcidova və baş katibi Azər Əliyev, Biləsuvar rayonu İcra Hakimiyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşova, Qazax rayonu İcra Hakimiyyəti Aparatının baş məsləhətçisi Gülnar Quliyeva, Şəmkir rayonu İcra Hakimiyyəti Aparatının məsləhətçisi Miraqil Cavadov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sosial Proqramlar şöbəsinin sektor müdiri Nərminə Aslanbəyova, UNICEF Azərbaycanın Yeniyetmə və Gənclərin İnkişafı Şöbəsinin mütəxəssisi Aida Ailarova və əməkdaşı Natiq Umarov, Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev, Tovuz rayonu Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələkbərov, Qazax rayonu Gənclər İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Xəzər rayonu Gənclər İdman İdarəsinin rəisi Vüqar Əliyev, Gənclərin Məşvərət Şurasının Şəmkir rayonu üzrə koordinatoru Kənan İbrahimov, Gənclərin Məşvərət Şurasının Qazax rayonu üzrə koordinatoru Akif Əmirov iştirak etmişdir.
Layihənin fəaliyyət təqviminə əsasən növbəti həftədən etibarən şura üzvlərinə onlayn təlimlər keçiriləcək, 2020-ci ilin may-iyul aylarında şuranın üzvləri “Sorğu və Pilot layihələr” mərhələsi çərçivəsində öz icmalarında sorğu həyata keçirəcək və pilot layihələrini icra edəcəklər.
DiasporPress.az