Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir.
Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycanın 14 iqtisadi rayonundan biridir. Kəbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Ərazisi 7448 km²-dir. 1993–2020-ci illər arasında ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında idi. İkinci Qarabağ müharibəsini sonlandıran Prezidentimiz cənab İlham Əliyevin 9 noyabr bəyanatından sonra tamamilə azad olunmuşdur.
Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəbəcər – Laçın iqtisadi rayonuna daxil idi. 7 iyul 2021-ci ildə Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanına əsasən yaradılmışdır.
Zəngilan rayonu digər azad edilmiş rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan Zəngilan rayonunu demək olar ki, yerlə – yeksan etmişdir. Zəngilan şəhərində cəmi 1-2 bina salamat qalıb, həmin binaları Ermənistan işğalçıları, yəni hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndlərinin dağılması bir daha erməni vandalizmini sübut edir. Zəngilan rayonunda dağıdılmış abidələrin bərpasına başlanılıb. Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Bu acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması vacib məsələlərdən biridir. Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. İlk pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi tamamilə yenidən qurulur. Ağalı kəndinin timsalında hər kəs azad olunmuş ərazilərin gələcəklə bağlı planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir. Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır. Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Zəngəzur dəhlizi nəqliyyat infrastrukturunun tərkib hissəsidir. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək, bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat – logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur. Zəngilan ərazisinin beynəlxalq əhəmiyyəti, Zəngilan rayonunun ərazisindən keçən dəmir yolu, avtomobil yolu Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Azərbaycanın Cəbrayıl rayonuna yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri, təbii ki, həyata keçmədi. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır. Zəngəzur dəhlizi əlavə imkanlar yaradacaq. Son vaxtlar Azərbaycana Xəzərin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizlər və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu il yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar yaradılacaq. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə təmin edə bilmir. Əsas məsələlərdən biri həm məhsuldarlıq, həm də sudan düzgün istifadə edilməsi, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Azad edilmiş ərazilərin təbii iqlimi elədir ki, orada heyvandarlıqla məşğul olmaq olar. Keçən il “DOST Aqropark” adlandırılan aqroparkın təməli qoyuldu. Azad edilmiş torpaqlarda aqroparkların sayı çoxaldılacaq.
Azad edilmiş rayonların kəndlərin bərpası ilə bağlı işlərə artıq başlanılıb. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır.
Ermənistan işğal dövründə əlli-altmış min hektar meşə ilə örtülü sahəni tamamilə məhv etmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay təbiət qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü. Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyan hesablanır, bütün şəhər və kəndlərin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video – foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir. Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.
Suraxanı rayonu 87 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi İlyina Elnarə