30 illik məğlubiyyətə son qoyan 8 noyabr Zəfər Günü ölkə daxilində, eləcə də ölkəmizin hüdudlarından kənarda böyük təntənə ilə qeyd olunacaq.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Zəfər Günü ilə bağlı onlarla ölkədə yüzlərlə tədbirin keçirilməsi planlaşdırılır:
– Bu tədbirlərə yürüşlər, konsert proqramaları, bayraqqaldırma mərasimləri, idman yarışları, rəsmi görüşlər və s. daxildir.
Əsas məqsəd Azərbaycanın Qarabağda qazandığı qələbənin qeyd edilməsi və bir daha dünya ictimaiyyətinin marağının bu bölgəyə cəlbidir.
Almaniya, Fransa, Polşa, Belçika, Türkiyə və s. ölkələrdə tədbirlər planlaşdırılır. Məsələn, “Odlar yurdundan zəfərə doğru”, “Zəfərə gedən 44 gün”, “Azərbaycanda zəfər günü” və s. tədbirlərinin keçirilməsi planlaşdırılır. Burada həmçinin yüzlərlə azərbaycanlı, həm də Azərbaycanı sevən xaricilər iştirak edəcək.
Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) sədri Yardım Günəş saytımıza bildirib ki, zəfərlə bağlı geniş tədbirlər keçiriləcək:
“Avstriyada tədbir keçirməyi planlaşdırırıq. Burada Azərbaycan xalq musiqisi, rəqsləri olacaq. Həmçinin siyasət, iş adamları, jurnalistləri dəvət edəcəyik. Noyabr ayının 6-da birinci rayonda çadır quraraq, insanlara çiçək paylayacağıq. Orada bir bayram havası yaratmağa çalışacağıq. Eyni zamanda, bir neçə maşınla şəhərdə yürüş keçirməyi planlaşdırırıq”.
Əskişəhər Azərbaycanlılar Dərnəyinin Sədri Cavid Aydın da keçiriləcək tədbirlərlə bağlı məlumat verib:
“8 noyabrda Əskişəhərin yerli televiziya kanalı “EsTv”də Əskişəhər Azərbaycanlılar Dərnəyinin programı olan “Üç Çizgi” adlı 1 saatlıq programda “Zəfər Günü” danışılacaq. Programın qonağı Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu olacaq. Daha sonra mərkəzi parkda “Zəfər Günü və Türkiyə Azərbaycan Qardaşlığı” mövzusunda fotosərgi olacaq. “Zəfər Günü” adlı musiqili konsert keçiriləcək. Eyni zamanda, Zəfər Günüylə bağlı Anadolu Üniversitetiylə işbirliyində konfarns keçirməyi planlayırıq. Universitetdən cavab gözləyirik”.
İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva da saytımıza görüləcək işlər barədə məlumat verib:
“Zəfər bayramı ilə əlaqədar İsveçdə müxtəlif tədbirlər planlaşdırılıb. Oktyabr ayının 31-i İsveçin ikinci böyük şəhəri olan Yöteborqda tədbir keçiriləcək. Tədbirdə mühazirələr, çıxışlar, filmlər, mədəni hissə olacaq.
Noyabrınn birinci həftəsində müxtəlif şəhərlərdə informasiya xarakterli tədbirlər planlaşdırılır, məsələn, üzərində Zəfər günü qeyd olunmuş maşınlar dövr edəcək. Müxtəlif şəhərlərdə film nümayişi planlaşdırılır. Sosial şəbəkələrdə xüsusi hazırladığımız filmlər paylaşılacaq”.
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə qeyd edib ki, burada da müxtəlif tədbirlər keçiriləcək. Elektron plakatlarla yürüş təşkil olunacaq.
Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov isə deyib ki, onlar tərəfindən müxtəlif təbrik məktubları göndəriləcək:
“Misirdə olan dostlarımızı məlumatlandırmağa çalışacağıq. Eyni zamanda azərbaycanlılar arasında bu günün təntənəli keçirilməsi üçün işlər görürük. Azərbaycanlı gənclər arasında rəsm sərgisi keçirəcəyik. Bu da uşaqlar arasında vətən sevgisini artırmaq məqsədi daşıyır. Bundan əlavə azərbaycanlı qadınlar tərəfindən hazırlanmış xüsusi köynəklərlə yürüş keçirəcəyik. Müxtəlif media orqanlarında məqalələr çap etdirəcəyik”.