16 fevral 2021-ci il tarixində “Davam” Gənclər Hərəkatı və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyada Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, olimpiya və dünya çempionları da iştirak edib.
Tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla anılması ilə başlayıb, daha sonra canlı şəkildə Azərbaycan dövlət himni ifa edilib. Bununla yanaşı gənclər tərəfindən eni 10 metr, uzunluğu 20 metr olan şanlı Azərbaycan bayrağı ilə fləşmob keçirilib.
Fləşmobun ardından start götürən aksiya zamanı 150-dən çox fəal gəncin iştirakı ilə 200-dən çox ağac tingləri əkilib, suvarılıb və xüsusi qaydada qulluq göstərilib.
“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı tədbirin əsas məqsədini qeyd edərək bildirib ki, belə aksiyaların keçirilməsi ilə nəinki gənclərə vətənpərvərlik hissləri aşılanır, eləcə də ətraf mühitin yaşıllaşdırılması istiqamətində əməli addımlar atmış oluruq. Həmçinin bildirib ki, “Davam” Gənclər Hərəkatı tərəfindən bu kimi ağacəkmə aksiyaları davamlı olaraq keçiriləcək.
Qeyd edək ki, aksiya böyük Zəfərimizin 100-cü gününə və Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsinə həsr olunub.
Havanın soyuq olmasına baxmayaraq, iştirakçılar aksiyada və fləşmobda böyük həvəslə iştirak ediblər.
Diasporpress.az