“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə Yunanıstanın “Karfitsa” nəşrində “Azərbaycan – Odlar Yurdu” sərlövhəli məqalə dərc olunub.
Məqalədə çoxəsrlik tarixə, zəngin mədəniyyətə, ecazkar təbiətə, təbii ehtiyatlara, müxtəlif mədəniyyətləri və sivilizasiyaları özündə birləşdirən adət-ənənələrə malik, XX əsrdə iki dəfə dövlət müstəqilliyini bərqərar edən Azərbaycandan bəhs edilib. “Əbədi yanar od qədim zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron yarımadasının rəmzi hesab olunub. Təbiətdəki bu möcüzələrdən biri də Abşeron yarımadasında Məhəmmədi kəndindəki “Yanar dağ”dır. Suraxanıda isə heç vaxt sönməyən odun üzərində “Atəşgah” adlı qədim abidə var. Bu fenomen Azərbaycanın dünyada Odlar Yurdu kimi tanınmasına səbəb olub”, – deyə qeyd edilib.
Xalqımızın istedadının və yaradıcılıq qüdrətinin “Kitabi-Dədə Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa epik abidələrdə təcəssüm etdiyinə, Nizami Gəncəvi, Xəqani Şirvani, Əbülhəsən Bəhmənyar, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Əliağa Vahid, Rəsul Rza, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev kimi ədəbiyyat, musiqi və elm dühalarının vətəni olduğuna diqqət cəlb edilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.karfitsa.gr/diavaste-se-ilektroniki-morfi-tin-teleftaia-ekdosi-tis-efimeridas-karfitsa-2
DİASPORPRESS.AZ