“Biz özümüzə, rəqibə və azarkeşlərə böyük hörmətlə yanaşırıq. Məzmunundan asılı olmayaraq, yaxşı oynamağa çalışırıq. İstənilən halda, meydana hamı tam heyətlə çıxır. Yaxşı oyun sərgiləmək və insanları məmnun etmək istəyirik”.
DiasporPress.az-ın məlumatına görə, bu fikirləri İspaniya “Sevilya”sının baş məşqçisi Xulen Lopetegi “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis start “11-lik”lə bağlı bunları söyləyib: “Kimin oynayacağı ilə bağlı az-çox fikrim var. Əhəmiyyətli olan oyunçuların rəqabət apa bilməsidir. Heyətdə gənc oyunçularımız var. Onlarda aclıq hiss olunur və meydana maksimal ambisiya ilə çıxacaqlar. Ən uyğun olan start heyətlə meydana çıxmağa çalışacağıq”.
Lopetegi iki hücumçu ilə oynamaq planının da mümkünlüyünü diqqətə çatdırıb: “Belə bir ideyam var, amma əsas məsələ mübarizə aparmaqdır. Çünki rəqibimiz qarşısında çox böyük hədəf qoyub. Bu, Avropa Liqası matçı olduğundan, qalib gəlmək və yaxşı oynamaq istəyirik. Bununla yanaşı, heç bir xalın bizim üçün önəm kəsb etmədiyini nəzərə alaraq, daxilən motivasiya olunmağa çalışacağıq. Bu halda, biz ən güclü tərəf olacağıq”.
Baş məşqçi “Qarabağ”la matçda çoxlu hücum etməyə və yaxşı müdafiə olunmağa çalışacaqlarını vurğulayıb: “Bütün oyunlar çox çətin və bərabərdir. İlk növbədə, qalib gəlməli, daha sonra yaxşı mübarizə barədə düşünməliyik. Futbolçularımız məşqlərdə yaxşı çalışırlar. Bu, önəmli amildir”.
Lopetegi kapitan Xesus Navasın sabahkı matçda meydanda olmayacağını da açıqlayıb. O, 34 yaşlı yarımmüdafiəçinin hazırlıq səviyyəsinə dekabrın 1-də “Leqanes”lə keçirəcəkləri La Liqadakı ev oyunu öncəsi baxacaqlarını əlavə edib.
Qeyd edək ki, noyabrın 28-də “Ramon Sances Pisxuan” stadionunda keçiriləcək “Sevilya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
DiasporPress.az