Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən İstanbul Universitetində “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası keçiriləcək.
Yenicag.az xəbər verir ki, 26 fevralda Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar böyük “Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası baş tutacaq.
26 fevral, 2022-ci ildə İstanbul Universitetində başlayacaq kampaniyanın əsas məqsədi başda “Twitter” olmaqla, bütün sosial şəbəkələrdə o günün anlam və önəminin dünyaya çatdırılmasıdır.
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası zamanı könüllülər müxtəlif dillərdə (əsasən, türk və ingilis) həştəqlər ilə sosial şəbəkələrdə trendə daxil olmağı hədəfləyirlər.
Saat 11:00-da başlayacaq kampaniyaya millət vəkilləri, elm adamları, ictimai xadimlər və digər tanınmış şəxslər qatılacaqlar.
Layihənin məqsədi Leyla xanım Əliyevanın başlatdığı “Xocalıya Ədalət” kampaniyasına dəstək olmaq və bu istiqamətdə sosial şəbəkələrdə beynəlxalq kampaniya təşkil etmək, Xocalı Soyqırımı barədə beynəlxalq ictimaiyyət məlumatlandırmaq və Sosial şəbəkələrdə Xocalı soyqırımı ilə bağlı həştəqlərin trend olmasından ibarətdir.