Diaspor

Xocalı soyqırımı dünyada belə ANILACAQ…

Xocalı soyqırımı dünyada belə ANILACAQ…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni barbarların Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı bəşər tarixinin ən qanlı səhifələrindəndir.

Düşmənin xain hücumu nəticəsində 613 dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 76-sı uşaq olmaqla 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb və alçaldıcı işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib.

Xocalı soyqrımının dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporu vacib faktordur.

Artıq soyqrımının 30-cu ildönümünə sayılı günlər qalıb. Ölkəmizdən kənarda fəaliyyət göstərən diaspor təşkilatlarımız Xocalı qətliamının anım günü ilə bağlı hansı işləri görəcək?

Niderlandda Xocalıdan danışılacaq…

Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova Modern.az-a bildirib ki, yaxın günlərdə Xocalı soyqırımı ilə bağlı Niderlandan Azərbaycana jurnalist və yazıçının gəlişi gözlənilir:

 

 

“Diaspor üzvləri və koordinasiya şurası müxtəlif tədbirlər planlaşdırır və həyata keçirəcəyik. Mən İradə Əlinin “Xocalı şahidləri danışır” kitabını tərcümə etmişəm və onun nəşri ilə məşğulam. Niderland parlament üzvlərinə, xüsusilə də xarici işlərlə məşğul olan komissiya üzvlərinə kitab göndəriləcək. Onların sayı otuz dörddür və hərəsinə bir kitab göndəriləcək. Bundan əlavə, hazırda Niderlanda fəaliyyət göstərən, milyonlarla izləyicisi olan onlayn qəzetdə Xocalı barədə, qətliamın qurbanları haqqında yazı dərc olunacaq. Məqalədə “parlament üzvələrinin Xocalı faciəsinin tanımasını istəyirik” adlanır və Niderland deputatlarına müraciət olunacaq. Bununla bağlı həmin 34 nəfər xarici işlərlə məşğul olan üzvlərə məktublar, müraciətlər ünvanlanıb. İcma adından Xocalı faciəsinin parlamentdə tanınmasını xahiş etmişik. Hətta ikinci palatanın sədrinə müraciət etmişik. Çünki o, özü də soyqırımı pisləyir. Ondan görüş istəmişik. Eyni zamanda, bizim təşkilat tərəfindən gələn həftə Niderlanddan Azərbaycana bir jurnalist və yazıçı gətiriləcək. Həmin insanlar həm Ağdama gedəcək, həm də Xocalı şahidləri ilə görüşəcəklər. Elə özləri 25-26 fevralda burada olmaq istədilər ki, soyqırımı necə qeyd olunur, insanlara necə təsir edib, bunu öz gözləri ilə görsünlər. Bundan başqa, digər vətəndaşlarımız Niderlanda parlament binası qarşısında “ağ stollar” aksiyası keçirəcəklər. Aksiyada xahiş edəcəklər ki, parlament bundan əvvəl soyqrımı görməyib, bundan sonra tanısın. Həmçinin Xocalı ilə bağlı ictimaiyyətə film göstəriləcək”.

 

Milanda Xocalı sərgisi 

 

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Roma üzrə əlaqələndiricisi Fərid Abbasov qeyd edib ki, İtaliyada Xocalı faciəsilə bağlı silsilə tədbirlər keçiriləcək:

“Xocalı soyqırımı ilə bağlı təbliğat işlərimizi gücləndirəcəyik. İtaliyada metrolarda, avtobuslarda, eyni zamanda, digər nəqliyyat vasitələrində videoroliklər nümayiş olunacaq. Bundan əlavə, səfirliklə birlikdə tədbirimiz olacaq. Tədbiri ayın 24-də təşkil etməyi düşünürük. Digər bir tədbirimiz isə sərgidən ibarətdir. Belə ki, Milanda soyqırımı ilə bağlı sərgi təşkil ediləcək”.

Ərəb dünyasını əhatə edən anım tədbirləri

 

Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqaçı-alim Seymur Nəsirov Xocalı ilə bağlı Misirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin keçiriləcəyini bildirib.

“Bizim Xocalı ilə bağlı tədbirlərimiz sadəcə bu ay olmur, il boyu silsilə tədbirlər keçiririk. Hər görüşümüzdə faciə ilə bağlı məlumatlarımızı bölüşürük. Misirin yüksək vəzifəli şəxslərinə, burada təhsil alan xarici tələbələrə mütəmadi olaraq məlumatlar verillir.

Bildiyiniz kimi, dünyanın 65 ölkəsindən olan 1500-dən çox tələbə ilə təmasda oluram. Hər fürsətdə Azərbaycan həqiqətlərini təbliğ edirik. Bu il görəcəyimiz işlərlə bağlı artıq bir neçə məqalə hazırlamışıq. Yaxın vaxtda sadəcə Misirdə deyil, digər Ərəb ölkələrində də məqalələrimiz dərc olunacaq. Sonra Azərbaycan dilini öyrənən tələbələrə Xocalıya aid məlumatlar veririk. Eyni zamanda onların ana dilində məlumatlar dərc olunacaq. Tədbirimiz səfirliklə birlikdə ayın 24-nə planlaşdırılır. Yaşadığım ölkənin qanunlarına uyğun olaraq, aksiya keçirməyə icazə olmadığı üçün toplaşa bilməyəcəyik. Amma Misir qanunlarına əsasən, digər bütün tədbirləri həyata keçirəcəyik”.

Polşadakı azərbaycanlılar birləşir…

 

Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərli Xocalını anım günündə Polşanın müxtəlif şəhərlərində azərbaycanlıların birləşəcəyini deyib.

“Polşa Azərbaycanlıları Şurası olaraq Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Polşanın 4 şəhərində, fevral ayının 19-u Poznanda, 20-si Qdanskda, 21-i Lodzda, 22-si isə Varşava şəhərində tədbirlər keçirməyi planlaşdırırıq. Nəzərinizə çatdırım ki, bu tədbirlər təşkilatımızın və Polşada yaşayan soydaşlarımızın şəxsi vəsaiti hesabına həyata keçiriləcək.

Həmçinin əlavə olaraq, Varşava şəhərində ictimai nəqliyyatda, daha dəqiq desək, avtobuslarda çöl reklamı üçün nəzərdə tutulmuş hissədə Xocalı ilə əlaqəli lövhələr yapışdırılacaq.

Onu da qeyd etmək istərdim ki, fevral ayının 24-ü Azərbaycandan Dövlət Pantomima Teatrı Varşavaya gəlir. Həmin tədbirdə də 200-ə yaxın diplomatik korpus nümayəndələri və əcnəbi qonaqlar iştirak edəcək”,- Fərid Cəfərli qeyd edib.

ABŞ-da Qarabağ mitinqi

Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli bildirib ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Xocalı faciəsinin 30 illiyi ilə əlaqədar ümumamerika Qarabağ mitinqi keçiriləcək:

“Mitinqdə ABŞ-ın bütün ştat və şəhərlərində yaşayan azərbaycanlıların iştirakı planlaşdırılır. Bunun üçün paytaxt Vaşinqtona müxtəlif marşrutlar üzrə avtobuslar təşkil olunacaq. Dinc mitinq keçirməkdə məqsəd dünya ictimayyətinin diqqətini ermənilərin Xocalıda törətdiyi qanlı cinayətə yönəltməkdir”.