26 avqust 2023-cü il tarixində Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin rəisi Raman Məmmədov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında Xarici İşlər Nazirliyinə işə qəbul üzrə müsabiqə ilə bağlı informativ sessiya ilə çıxış edib.
Diasporpress.az xəbər verir ki, 50-dən çox gəncin iştirakı ilə baş tutan sessiya QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb.
O. Qəhrəmanzadə iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib. Öz nitqində o, Təşkilatın hazırki fəaliyyəti və irəli sürdüyü son təşəbbüslərdən bəhs edib. Daha sonra, Raman Məmmədov diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi qaydaları ilə bağlı gəncləri məlumatlandıraraq diplomatik vəzifələrin icrası üçün tələb olunan işgüzar və peşəkar keyfiyyətləri sadalayıb.
Ardınca, attaşe diplomatik vəzifəsinin qulluq funksiyalarından bəhs edən R. Məmmədov diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərinə toxunub. Tədbir müddətində, diplomatik xidmətə yeni qəbul olan gənc diplomatlar Edson Əsgərov, Güntac Mirzəyev, Nigar Eyvazzadə və Sənan Əliyev qəbul imtahanında müvəffəqiyyət qazanmaq üçün öz məsləhətlərini bölüşüblər. Gənclər müsabiqəyə qeydiyyat prosedurunun ardıcıllığı ilə tanış olaraq müsabiqənin mərhələləri və hər bir mərhələ üçün tələb olunan müvafiq sənədlər barədə də ətraflı məlumat alıblar.
Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar R. Məmmədova xidməti fəaliyyətlə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar. Tədbirin sonunda, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir.