Əziz xanımlar!
Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi adından təbrik edirik.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun əldə etdiyi tarixi qələbədə xaricdə yaşayan soydaşlarımızın, o cümlədən qadın həmvətənlərimizin mənəvi və informasiya dəstəyi əhəmiyyətli rol oynadı. Möhtərəm cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə öz çıxışlarında bunu xüsusi qeyd edib.
Diasporun xarici siyasətə təsir imkanlarının artdığı qlobal dünyamızda Azərbaycan diasporunun formalaşması və inkişafı, xalqımızın mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əldə edilmiş uğurlarda xaricdə yaşayan qadınların rolu danılmazdır. Bu gün Vətəninə bağlılığını qoruyub saxlayan və diaspor hərəkatında xüsusi xidmətləri olan azərbaycanlı qadınlar milli maraqlarımızın müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətində ardıcıl işlər aparır.
COVID-19, Azərbaycanın Tovuz rayonunda erməni silahlı birləşmələrinin törətdiyi təxribat və Vətən müharibəsi dövründə yaşadıqları cəmiyyətdə xalqımızı layiqincə təmsil edən azərbaycanlı xanımlar mübarizənin önündə yer aldılar.
Ümid edirik ki, xaricdə Vətənimizi layiqincə təmsil edən qadın həmvətənlərimiz bundan sonra qalib xalqın övladları kimi azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşərək dövlətimizin milli maraqlarının qorunması, zəngin mədəni irsimizin təbliği, işğaldan azad edilmiş ərazilərimizin bərpası və regionun turizm potensialının tanıdılması işinə də öz töhfələrini verəcəkdir.
Hörmətli xanımlar!
Bir daha Sizi Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, sevinc dolu günlər və doğma Vətənimizin təbliği istiqamətində apardığınız məsuliyyətli və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.
Diasporpress.az