DiasporPress xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub.
Layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədlidir. Layihənin musiqi redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.
Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapmışdır. Dünyanın müxtəlif ölkələrində (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Qüdrətli Prezidentimizə, Müzəffər Ordumuza və özünü Azərbaycanlı sayan hər bir insana hədiyyəmizdir.
Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer almışdır. Diskin içində Xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilmişdir.
Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılmışdır. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və b. bir-birindən dəyərli ifaları yer almışdır. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılmışdır. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istəqamətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırmışdır.
Diasporpress.az