Ölkə

Vüsal Quliyev: Agentliyin 2 xüsusi qrant müsabiqəsinin keçirilməsi nəzərdə tutulub

Vüsal Quliyev: Agentliyin 2 xüsusi qrant müsabiqəsinin keçirilməsi nəzərdə tutulubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölkəmizdə ilk dəfə olaraq 30 iyul – 1 avqust tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lərin 1-ci İnkişaf və Mübadilə Proqramı keçirildi. Proqramda 100-dən çox QHT nümayəndəsi iştirak etdi. Burada onlar üçün təmsil etdikləri qurumların fəaliyyətinin gücləndirilməsi üçün zəruri təlimlər təşkil olundu. Bu günə qədər toxunulmayan bir çox mövzular iştirakçılar tərəfindən maraqla qarşılandı.
Diasporpress.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev ifadə edib.
V.Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin gələcəkdə reallaşdıracağı qrant müsabiqələrində bir çox dəyişikliklər ediləcəyini və layihə tərtibatlarının yeni formaya keçəcəyini bildirərək deyib: “Gələcəkdə Agentliyin qrant layihələrinin forması daha da təkmilləşəcək, beynəlxalq standartlara uyğunlaşdırılacaq. Belə olan halda, QHT nümayəndələrinin zəruri təlim almalarına ehtiyac var. Təbii ki, bu cür təlimlər davamlı olacaq. Burada əsas məqsəd qeyri-hökumət təşkilatları nümayəndələrinin daha professional layihə yazılışı metodlarını öyrənmələri və müasir metodlarla tanış olmalarıdır”.
Bu baxımdan, keçirilən təlimlərin çox böyük əhəmiyyətinin olduğunu deyən Prezident Administrasiyasının rəsmisi bildirib ki, qeyri-hökumət təşkilatlarının xarici ölkələrdəki tərəfdaşları ilə rəqabətə girə bilmələri üçün bu proqramlar faydalı ola bilər.
“Bu təlimlərin ən əhəmiyyətli tərəflərindən biri də QHT nümayəndələrinin beynəlxalq təcrübə ilə tanış olmaq imkanlarının olmasıdır. İnanıram ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gələcəkdə də bu cür layihələri davam etdirəcək”, – deyə Vüsal Quliyev qeyd edib.
Agentliyin gələcək planlarından danışan V.Quliyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaxın müddətdə regionlarda ictimai şuraların fəaliyyətinin daha da təkmilləşdirilməsi, ictimai nəzarətin həyata keçirilməsi üçün silsilə təlimlərə başlayacağını vurğulayaraq deyib: “Gələcəkdə nəzərdə tutulan təlimlərdə rayon icra hakimiyyətlərinin əməkdaşları ilə yanaşı, yerlərdəki ictimai şuraların bütün üzvləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edəcəklər. Bundan əlavə, QHT nümayəndələrinin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində də müxtəlif proqramlar həyata keçiriləcək. Yaxın zamanlarda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin iki xüsusi qrant müsabiqəsinin keçirilməsi və qeyri-hökumət təşkilatlarının da bu proqramda iştirak etmələri nəzərdə tutulub. Bunlarla yanaşı, Agentliyin QHT–dövlət–özəl sektor əməkdaşlığının təşviqi istiqamətində də müəyyən planları var. Yaxın gələcəkdə biz bu istiqamətdə də bir sıra işlər görəcəyik”.