Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda V turun oyunları keçirilib.
DiasporPress.az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu İtaliyanın “Obiettivo Rizarçimento” komandasına 2:4 hesabı ilə uduzaraq ilk məğlubiyyətini alıb.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi Şimali Makedoniya “Alkaloid”i İsveçrənin “Sürix Şaxqezelşaft” komandasını darmadağın edib – 6:0. Şəhriyar qara fiqurlarla Kristian Bauerə qalib gəlib.
Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”i Belçikanın “Roşad” komandasını 4,5:1,5 hesabı ilə məğlub edib. Nicat Feliks Klayndan üstün olub.
Nərgiz Umudovanın şərəfini qoruduğu Belçika “Eşikye Mözan”ı Kosovonun “Priştina” komandasını 4:2 hesabı ilə məğlubiyyətə uğradıb. Nərgiz qara fiqurlarla Fatmir Buyupiyə qalib gəlib.
Ötən tur lider olan “Vüqar Həşimov” klubu bu məğlubiyyətdən sonra səkkiz xalla altıncı sıraya düşüb. “Alkaloid” xalını səkkizə yüksəldərək dördüncü sıraya qalxıb. Altı xal toplamış “Eşikye Mözan” və “Rayka Rapid” müvafiq olaraq 20 və 25-ci sıraya yüksəlib.
Qadınların yarışında isə “Odlar Yurdu” Sloveniyanın “Maribor” komandasını 3,5:0,5 hesabı ilə məğlub edib. Xalını altıya yüksəldən komandamız yenidən dördüncü sıraya yüksəlib.
Qeyd edək ki, “Vüqar Həşimov” bu gün turnirin gücünə görə üçüncü komandası sayılan Çexiyanın “Novı Bor” komandası ilə görüşəcək. “Odlar Yurdu” isə gücünə görə yarışın ikinci, turnir cədvəlinə görə üçüncü komandası olan Monakonun “Şahmat Dairəsi” komandası ilə qarşılaşacaq.
DiasporPress.az