Venesuelanın paytaxtı Karakas şəhərində Latin Amerikası və Karib hövzəsindən olan Qoşulmama Hərəkatı (QH) Gənclərinin 1-ci Regional Forumu başlayıb.
Diasporpress.az xəbər verir ki, Venesuela Bolivar Respublikasının Gənclər və İdman üzrə Xalq Hakimiyyəti Nazirliyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Venesuela üzrə Milli Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən Forum, Hərəkata üzv dövlətlərin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir.
Qarşıdan gələn 12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş Forumun ilk günü açılış mərasimi ilə başlayıb. Venesuela Bolivar Respublikasının gənclər və idman üzrə xalq hakimiyyəti naziri cənab Mervin Maldonadonun salamlama nitqi ilə başlayan açılış mərasimi Venesuelanın xarici əlaqələr üzrə xalq hakimiyyəti naziri cənab İvan Gil-Pintonun nitqi ilə davam edib.
Hər iki nazir gənc iştirakçıları salamlayaraq gənclərin beynəlxalq arenada təmsil olunmasının vacibliyini vurğulayıb və gəncləri Qoşulmama Hərəkatı, onun prinsipləri və dəyərləri haqqında məlumat almaq üçün Forumda fəal iştirak etməyə çağırıb.
Həmçinin, nazirlər QHGT-nin Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərini bir araya gətirən effektiv platforma kimi fəaliyyətini yüksək qiymətləndirərək Təşkilatın işinə və regiondakı fəaliyyətinə uğurlar arzu edib.
Daha sonra, QHGT-nin sədri Orduxan Qəhrəmanzadə QHGT-nin yaranma tarixindən bəhs edərək Təşkilatın 43 Milli Bölməsinin aktiv fəaliyyət göstərdiyini qeyd edib. O, Təşkilatın regiondakı fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq Forum müddətində bütün gənc iştirakçılara uğurlar diləyib.
Forumun ilk günü “Yeni qlobal dövrdə gənclər siyasəti sahəsində irəliləyişlər və çətinliklər” mövzusunda QH Modeli Simulyasiyası ilə davam edib. Qoşulmama Hərəkatının nazirlər iclasını canlandıran simulyasiyada gənclər müxtəlif Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirləri rolunda çıxış edərək qlobal problemlərə həll yolları təklif ediblər. Simulyasiya iştirakçılara natiqlik və debat bacarıqlarını inkişaf etdirmək və təmsil etdikləri ölkələrin perspektivlərindən mövzuya unikal baxış əldə etmək üçün imkan yaradıb.
QH Gənclərinin 1-ci Regional Forumunun ilk günü QH Modeli Simulyasiyasının bağlanış mərasimi ilə yekunlaşıb. QHGT-nin sədri O. Qəhrəmanzadə Foruma göstərdikləri dəstəyə görə ölkə rəhbərliyinə, təşkilati heyətə və QH Modeli Simulyasiyasında aktiv iştirak etdikləri üçün gənc iştirakçılara təşəkkür edib. O, bu əlamətdar tədbirin uğurlu təşkilinə görə QHGT-nin Venesuela üzrə Milli Bölməsini təbrik edib.
Üç gün davam edəcək Regional Forum çərçivəsində Qoşulmama Hərəkatı və onun prinsipləri barədə panel müzakirələri və təlim sessiyaları da daxil olmaqla, geniş spektrli fəaliyyətlər keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.