Aprelin 24-də Türkiyənin ABŞ-dakı səfirliyinin qarşısında Türkiyə və Azərbaycan icmalarının birgə etiraz aksiyası keçirilib.
Şeridan meydanında gerçəkləşdirilən tədbir ermənilərin 24 aprel qondarma soyqırımı iddiaları ilə bağlı paytaxt Vaşıqtondakı Türkiyə səfirliyinin qarşısında “anım” aksiyası təşkil etmələrinə cavab olub. Aksiya zamanı Vaşinqton şəhərində yaşayan Türkiyə və Azərbaycan diasporlarının nümayəndələri ermənilərin soyqırımı iddiasının yalan və böhtan olduğunu bəyan ediblər.
Türkiyə və Azərbaycan bayraqlarının dalğalandığı aksiyada “Erməni yalanlarına son qoyulsun”, “Terrorçuluğa son qoyulsun!”, “Azərbaycana qarşı təcazvüzə son qoyun!” və digər şüarların yazıldığı bannerlər və plakatlar nümayiş etdirilib. Aksiya zamanı Türkiyənin dövlət himni və vətənpərvərlik mahnıları səsləndirilib. Bu əsərlərin arasında Azərbaycanın xalq artisti Azərinin ifa etdiyi məşhur “Çırpınırdı Qara dəniz” mahnısı da yer alıb.
Etiraz aksiyaları polis nəzarəti altında insidentsiz sona çatıb.
Xatırladaq ki, hər il aprelin 24-də ermənilər Türkiyənin Vaşinqtondakı səfirliyi önündə səs-küylü etiraz aksiyaları keçirməyə çalışır. Onların bu cəhdlərinin qarşısını Türkiyə diasporu alır. Azərbaycan diasporu hər il bu aksiyalarda qardaş Türk diasporunu dəstəkləməklə “Bir millət, iki dövlət” prinsipinə sadiq qaldıqlarını nümayiş etdirirlər.
Diasporpress.az