Kiyevdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Ukrayna Ali Radasının deputatı, hüquq elmləri doktoru, professor Aleksandr Merejko ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Ukrayna parlamentlərarası dostluq qrupunun fəaliyyəti, ölkəmizin diaspor siyasəti, Dövlət Komitəsinin həyata keçirdiyi layihələr, soydaşlarımızın Ukrayna cəmiyyətinə inteqrasiyası və s. məsələlər müzakirə olunub.
A.Merejko Ukrayna Azərbaycanlıları Radasının fəaliyyətini yüksək qiymətləndirərək, soydaşlarımızın vətənpərvər olduqlarını, tarixi Vətənləri ilə yanaşı yaşadıqları ölkənin də milli maraqlarını əzmlə müdafiə etdiklərini bildirib. Azərbaycanlı həmkarları ilə parlamentin dostluq qrupu vasitəsilə əlaqə saxladığını qeyd edən Merejko ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də münasibət bildirib. Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının üzvü deyib ki, bu münaqişə BMT-nin qətnamələri və beynəlxalq hüquq normaları əsasında həll olunmalı və Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir.
Dövlət Komitəsinin adından ukraynalı deputata Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Sonda A.Merejko Dövlət Komitəsinin “Vətən uzaqda deyil” proqramına müsahibə verib.
DiasporPress.az