Diaspor TV

Ukraynalı bloger: Azərbaycan regionda söz sahibinə çevrilib

Ukraynalı bloger: Azərbaycan regionda söz sahibinə çevrilibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyevdəki mərkəzi ofisində ukraynalı siyasətçi və bloger Yuri Romanenko ilə görüş keçirilib.

 

Görüş zamanı UAR baş katibi Ceyhun Məmmədov qonağa Azərbaycanın zəfər yolu və UAR ofisində davam edən “Qarabağda Urbisid” adlı sərgi barədə müfəssəl məlumat verib. Erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri, döyüş xəttindən kənarda yerləşən Gəncə və digər şəhərlərin Ermənistan Silahlı Qüvvələri tərəfindən bombardman edildiyi, raket zərbələri nəticəsində təkcə Gəncədə 27 nəfər dinc sakinin həlak olduğu, 125 nəfərin yaralandığı, bu dəhşətli terror aktlarına baxmayaraq, Azərbaycan tərəfinin mülki erməni əhalisinə atəş açmadığı nəzərə çatdırılıb.

 

Y.Romanenko deyib ki, 44 gün davam edən müharibədən sonra Qarabağı tam gəzən ekspertlərdən biri kimi azad olunan ərazilərin Xirosimanı xatırlatdığına şahid olub. “Qarabağı gəzəndə hiss edirsən ki, bu torpaqlar dinc məqsədlər,  insanların yaşaması üçün işğal edilməyib. Orada daşlar belə oğurlanıb”, – deyə ukraynalı siyasətçi vurğulayıb.

 

Qarabağın yenidən qurulması və abadlaşdırılması üçün irimiqyaslı layihələrin  sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini məmnuniyyətlə qeyd edən qonaq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin gerçəkləşdirdiyi uğurlu siyasi və iqtisadi kurs ölkəni regionda söz sahibinə çevirib. Əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və Türkiyə amili böyük əhəmiyyət kəsb edir: “Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna birliyi bölgədə iqtisadi inkişafa güclü təkan verə bilər”.

 

Görüşün sonunda UAR baş katibi Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərə, hazırladığı videomaterial və analizlərə görə ukraynalı siyasətçiyə təşəkkür edib.

 

Qeyd edək ki, Y.Romanenko “Gələcək naminə Ukrayna İnstitutu” (Ukrainian Institute for the Future) analitik mərkəzinin həmtəsisçisi, “Beynəlxalq və Daxili Siyasət” proqramının direktoru, “Dalğa” (Hvyla) analitik portalının baş redaktoru, siyasətçi və blogerdir.