Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində “ДОСТЫК” Qazax mədəni birliyinin rəhbəri Daniyar Eqamberdiyev ilə Radanın Baş katibi Ceyhun Məmmədov, aparat rəhbəri Elşad İbrahimov və media məsulu Rəşad Tağıyev ilə görüşü olub.
C.Məmmədov UAR-ın həmsədrləri Hikmət Cavadovun və Oleq Krapivinin salamlarını çatdıraraq radanın fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, türkdilli ölkələrin Ukraynada diasporu ilə əməkdaşlıqda maraqlıdırlar və bu ölkələrin cəmiyyətləri ilə görüşlərə start verilib. İlk olaraq qardaş qazax xalqının diasporu ilə başladığımız bu görüş digər türkdilli ölkələr üzrə də davam edəcəkdir. Qarşıda bu ölkələrin diasporları ilə birgə konfrans keçirməyi planlaşdırırıq.
Təməlləri Türkcə Danışan Ölkələr Zirvəsinə dayanan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının önəminə toxunan RAU Baş katibi daha sonra deyib ki, Türk Şurasının qurulma təklifi Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevə aiddir. Bu təşkilatın qurulmağı millətimizin birliyi yolunda çox önəmli bir addım oldu. Bizlər isə bu birliyi daha da inkişaf etdirməli və möhkəmləndirməliyik. Şəxsi dostluqlarımlz ailə dostluqlarına və övladlarımızın dostluqlarına çevrilməlidir və bu yöndə əlavə tədbirlər planı hazırlanıb.
Daniyar Eqamberdiyev isə bu əməkdaşlıqdan məmnunluğunu bildirərək Ukraynada qazaxların fəaliyyəti barədə danışıb. Ukraynada 15 min qazaxıstanlının yaşadığını deyən diaspor rəhbəri bildirib ki, onun 4 minə yaxını Kiyevdə yaşayır: “Bunlar arasında Ukrayna ictimai-siyasi həyatında, o cümlədən ölkə həyatının sosial sferasında fəal olan qazaxlılar var. Bizlər də Türk Şurasının fəaliyyətini canlandırmaq üçün əlimizdən gələni edəcəyik”, – deyə, o vurğulayıb.
Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam etdirilib.