18 oktyabr – Dövlət Müstəqilliyi Günü ərəfəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV telekanalına müsahibə verib.
AZƏRTAC xəbər verir ki, səfir müsahibəsində ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra separatizmə, Ermənistan tərəfindən işğala məruz qaldığını vurğulayıb. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad edilməsinə dair qətnamələri qəbul olunsa da, təəssüf ki, bu günə qədər dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə göz yumur. Bu gün də Ukrayna bu separatizmlə üz-üzə qalıb.
“Bu gün beynəlxalq təşkilatlarda Azərbaycan və Ukrayna bir-birilərinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan BMT-də Ukraynanın ərazi bütövlüyünə dair qətnaməsinə səs verib”, – deyə səfir əlavə edib.
A.Xudiyev müsahibəsində, ötən 28 ildə Azərbaycanın həyata keçirdiyi qlobal enerji, nəqliyyat layihələri barədə də geniş məlumat verib. O deyib: “Bu gün Azərbaycan regionda lider dövlətə çevrilib. İri iqtisadi, enerji, nəqliyyat layihələrinin müəllifidir. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılmasında fəal iştirak edir”. Verilişdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin 100 illik tarixinə, GUAM çərçivəsində əməkdaşlığı barədə də məlumat verilib.
DiasporPress.az