Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti QHT Agentliyində olublar.
Diasporpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti Agentliydə olublar.
Qonaqlar öncə Agentliyin iş fəaliyyəti ilə tanış olublar və daha sonra nümayəndə heyəti Agentliyin icraçı direktoru Aygün Əliyeva ilə görüşüblər.
Nümayəndə heyətini salamlayan A.Əliyeva bildirib ki, başlanan bu səfər 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun ərsəyə gəlməsinə gözəl nümunədir. A.Əliyeva Azərbaycan – Türkiyə əlaqələrinə toxunaraq bildirib ki, Azərbaycanla Türkiyənin dostluq əlaqələrinin qədim tarixi vardır. Tarix boyu Azərbaycanın problemi Türkiyənin problemi, Türkiyənin dərdi Azərbaycanın dərdi olub.
Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara sevinmişik, bu nailiyyətlərlə fəxr etmişik, qürur hissi keçirmişik. O cümlədən, Azərbaycan xalqının da uğurları, qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur.
Daha sonra Agentliyin əməkdaşlarına Departament müdiri Adnan Zengin “QHT-lər haqqında Türkiyə qanunvericiliyi”, Departament müdiri Gülseren Zaimoğlu “Yardım toplama və ianə məsələləri”, Departament müdiri M.Fatih Günay “Layihələrin idarəedilməsi”, Departament müdiri Fahrettin Kaya və M.Fatih Günay “DERBİS elektron sisteminin təqdimatı” mövzularında təlimlər keçiblər.
Təlimlər qarşılıqlı fikir mübadiləsi əsasında davam edibdir.