Türkiyənin Təcrübə Paylaşımı Proqramının (TPP) tələbələri Gürcüstana səfərləri çərçivəsində Kvemo Kartli bölgəsinin Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində yerləşən Aşıq Kamandarın ev muzeyini ziyarət ediblər.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Gürcüstanı ziyarət edən gənclərə professor Mahmud Kamaloğlu türk dünyasının böyük ozanının həyatı və haqqında məlumat verib.
Yeni Düşüncə İnstitutunun şagirdləri ilə birgə böyük ozanın muzeyini ekskursiya etdikdən sonra Türkiyənin 10-a yaxın ali təhsil ocağından gələn gənclər üçün saz-söz məclisi də təşkil edilib. Burada çıxış edən TİKA-nın Tbilisi Koordinatoru Tuba Özütok TPP haqqında məlumat verib. O, gənclərin təqribən bir həftədir Gürcüstanda olduğunu xatırladıb: “Gənclərimiz bir sıra mədəniyyət və təhsil mərkəzlərində oldular, bu gün isə TİKA tərəfindən restarvasiya və muzeyə çevrilən Aşıq Kamandarın ev muzeyinə gəldik. TPP gənclərinin burada soydaşları ilə tanış olması çox xoş bir haldır, üstəlik, mədəniyyətimizin bir hissəsi olan aşıq, saz və ozançılıqla tanış olmaları kültürümüzə yaraşan bir formadır”.
Tədbirin sonunda gənclər ailə fotosu çəkdirib.