Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti Şuşaya səfər ediblər.
Diasporpress.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb.
Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat qonaqların diqqətinə çatdırılıb.
Bildirilib ki, erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin Baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir, şəhərin həyat əhəmiyyətli infrastrukturu dəyişdirilir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bu baxımdan Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanıb.
Daha sonra nümayəndə heyəti Cıdır düzü, Qala divarları, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
Şuşaya səfər qonaqların xoş əhval-ruhiyyəsi ilə yekunlaşıb.