Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondu (TUGVA) tərəfindən İstanbul şəhərində silsilə tədbirlər təşkil olunub.
“Aya Sofya” məscidi qarşısında İstanbulda fəaliyyət göstərən yerli və xarici media qurumlarına Türkiyə gəncləri adından bəyanat səsləndirilib və televiziya kanallarına müsahibələr verilib.
Bəyanatda Xocalı soyqırımının tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması ilə bağlı beynəlxalq təşkilatlara çağırış əks olunub və soyqırımı həqiqətlərinin yayılmasında Azərbaycanla həmrəylik ifadə edilib. Sonra TUGVA Mərkəzində Azərbaycan Gənclər Fondu və Türkiyə Gənclər Fondunun birgə həyata keçirdiyi “Qarabağ zəfəri” rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət sərginin açılışı baş tutub.
Həmçinin, mərkəzdə Türkiyənin bütün bölgələrinin gənclərinin iştirakı ilə geniş onlayn tədbir keçirilib. Tədbirdə Ermənistan hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı soyqırımı barədə məlumat verilib. Bildirilib ki, mülki azərbaycanlılara qarşı qətliam siyasəti Ermənistan siyasi-hərbi rəhbərliyinin fəaliyyətinin dəyişməz istiqaməti olub. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Qarabağı azad etdiyi 44 günlük Vətən müharibəsi dövründə də ermənilər tərəfindən şəhər və rayonlarımız atəşə tutulmuş, mülki insanlar qətlə yetirilib. Cinayətkarların məsuliyyətə cəlb edilməsi və Xocalı soyqırımı qurbanlarının xatirəsinin uca tutulması naminə iki ölkə gənclərinin birgə təbliğat işini davam etdirəcəyi qərarlaşdırılıb.
Onlayn toplantıda Xocalı hadisələrinə həsr olunmuş, “Kiçik Oskar” adlandırılan “Accolade Qlobal Film Competition” nəşrinin ən yüksək mükafatına layiq görülmüş “Sonsuz dəhliz” filmi də nümayiş etdirilib. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çəkilmiş film toplantı iştirakçıları tərəfindən böyük diqqət və dərin kədərlə qarşılanıb.
Tədbirlərdə Türkiyə Gənclər Fondunun sədri Enes Eminoğlu, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Naqif Həmzəyev və Xocalı soyqırımının canlı şahidi, Xocalıda atası və yeddi yaşlı bacısı qətlə yetirilən Xəzəngül Əmirova çıxış ediblər.
Tədbirlər çərçivəsində hər iki ölkə nümayəndələrinin iştirakı ilə İstanbulun Sarıyer bölgəsində yerləşən Heydər Əliyev parkında ulu öndər Heydər Əliyevin abidəsi və “Xocalı” abidəsinin ziyarət edilməsi də nəzərdə tutulub.
Diasporpress.az