Azərbaycan Vətən müharibəsi ilə təkcə ərazi bütövlüyünü bərpa etməsi, həm də Türk dünyasının bütövləşməsi üçün münbit şərait yaratdı. Zəfərin nəticələrindən biri olan Zəngəzur dəhlizi Türk dünyasının coğrafi parçalanmasını da aradan qaldırır.
Ankaradan başlayan, Bakıdan keçərək Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birlik platforması güclənir:
1. 100 il sonra coğrafi parçalanma aradan qalxır;
2. Azərbaycan və Türkiyənin timsalında birlik təcrübəsi mövcuddur;
3. Bakı və Ankara prosesdə lokomotiv rolunu oynayır;
4. Ortada ciddi siyasi iradə və istək var;
Bu 4 reallıq fonunda siyasi, iqtisadi, hərbi və digər sahələrdə atılan addımlar türk coğrafiyasında yeni sübhün açıldığını göstərir.
Birliyin və əməkdaşlığın ən vacib komponentlərindən biri də informasiya sahəsidir. Dünyada hazırkı şərtlər də informasiya müharibəsində ortaq fəaliyyəti tələb edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısının keçirilməsi bu istiqamətdə iradənin və əməli addımların olduğunu göstərir.
Mövcud geosiyasi şərtlər də media sahəsində ortaq fəaliyyəti zəruri edir. Azərbaycan və Türkiyənin təcrübəsi belə örnəklərdən biridir.
Birincisi: Türkiyə və Azərbaycana qarşı informasiya hücumlarının eyni mərkəzlərdən idarə olunması təcrübəsi var. İki ölkə bu hücumların dəf edilməsini birgə həyata keçirməklə ciddi nəticələr əldə ediblər.
İkincisi: Qarabağ müharibəsində Azərbaycana ən çox informasiya dəstəyi qardaş Türkiyədən verildi və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq informasiya məkanında ifadə edilməsində ciddi nəticələr əldə olundu;
Üçüncüsü: Vətən müharibəsindən sonra Türkiyə və Azərbaycan informasiya sahəsində birgə mübarizə məqsədilə Media Sahəsində Strateji Əməkdaşlıq memorandumu imzalayıb.
Bakı və Ankaranın təcrübəsini bütün türk dünyasında tətbiq edilməsi bun coğrafiyadakı hər bir ölkənin milli maraqlarının müdafiəsi üçün əhəmiyyətlidir. Bu baxımdan, Türk Şurası çərçivəsində Media Koordinasiya Mərkəzinin (MKM) yaradılması zərurəti var.
Belə bir mərkəz türkdilli ölkələrin informasiya sahəsində ortaq fəaliyyətini və təhdidlərə qarşı ortaq mübarizəsini koordinasiya edə bilər.
Media Koordinasiya Mərkəzi türk dünyasına nə verə bilər?
– Təcrübə mübadiləsinin aparılması ilə dünyanın informasiya məkanına daha peşəkar formada çıxmaq mümkündür.
– Media üzrə əməkdaşlıq ictimai rəyin türk dünyasının maraqları yönündə yaradılması, o cümlədən, xalqların daha da yaxınlaşması təmin edilə bilər;
– Ortaq fəaliyyətlə bu coğrafiyada ictimai rəyə kənar müdaxilələrin qarşısını alına bilər;
– İnformasiya müharibəsində birlikdə iştirak etmək və maraqlarımızın müdafiəsini birlikdə təmin etmək şansı yaranır;
Güc birlikdədir və əsrlərdən gözlədiyimiz türk coğrafiyasındakı birlik amalları naminə yaranmış fürsətləri qaçırmamalıyıq.
Diasporpress.az