Aprelin 10-da Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) tərəfindən iftar süfrəsi təşkil edilib.
Diasporpress.az xəbər verir ki, TÜİB sədri Hüseyin Büyükfıratın ev sahibliyində təşkil edilən iftara Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, millət vəkilləri Sabir Rüstəmxanlı, Ramil Həsən, Naqif Həmzəyev, Məlahət İbrahimqızı, Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, türkiyəli iş adamları, şəhid ailələri, həmçinin media nümayəndələri qatılıblar.
İftar Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Yeməkdən sonra çıxış edən TÜİB sədri Hüseyin Büyükfırat qonaqları salamlayaraq Ramazan ayının bərəkət və paylaşma ayı olduğunu vurğulayıb, koronavirus pandemiyası səbəbilə 2 ildir təşkil edilməyən iftar süfrəsi ətrafında yenidən cəmləşmənin sevincini yaşadıqlarını bildirib. Şəhid ailələrinin iftarda iştirak etdiyini xüsusilə vurğulayan Hüseyin Büyükfırat şəhidlərin ruhu qarşısında baş əydiklərini deyib.
TÜİB sədri qonaqlara təşkilatın həyata keçirdiyi işlər barədə məlumat verib, işğaldan azad edilən ərazilərin bərpasında yaxından iştirak edəcəklərini qeyd edib.
Daha sonra çıxış üçün söz səfir Cahit Bağçıya verilib. Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin vacibliyinə diqqət çəkən səfir sözügedən anlaşma ilə iki ölkə arasındakı əlaqələrin dünyada bənzəri olmayan səviyyəyə çatdığını bildirib.
Səfir Azərbaycan-Türkiyə münasibətlərinin bütün türk dünyasına örnək təşkil etdiyini vurğulayıb:
“Bizim bizdən başqa dostumuz yoxdur. Bunun ən gözəl örnəyi Türkiyənin siyasi və mənəvi dəstəyilə əldə edilən Qarabağ zəfərində açıq şəkildə ortaya çıxmışdır. Türk Dövlətləri Təşkilatının 2040 vizyonu bizim önümüzdəki yol xəritəsidir və bu planı gerçəkləşdirmək üçün çox çalışmalıyıq”.
Millət vəkili Ramil Həsən isə çıxışında TÜİB-lə birgə həyata keçirdikləri “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Platforması haqqında məlumat verib, layihə çərçivəsində 2 mindən çox şəhid və qazi ailələrinin ziyarət edildiyini bildirib. Bu işə böyük əmək sərf edən TÜİB rəhbərliyinə təşəkkürünü bildirən deputat əməkdaşlığın davam edəcəyini xüsusilə vurğulayıb.
Sonda sözügedən layihə çərçivəsində şəhid və qazi ailələrinə yardım edən türk iş adamlarına təşəkkür plaketləri təqdim edilib və xatirə fotosu çəkilib.