Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Florida Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə tanınmış pakistanlı jurnalist-analitik Malik Ayyub Sumbalın “Tovuzdan Qarabağa” (“Tovuz to Karabakh”) kitabı Mayami şəhərindəki “Holokost Memorial Muzeyi”nə hədiyyə edilib.
Florida Azərbaycan–Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminova bildirib ki, bu münasibətlə muzeyin rəhbərliyi ilə görüşüb. Görüş zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edən kitab haqqında muzey rəsmiləri məlumatlandırılıb. “Muzey rəhbərliyi ermənilərin günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən xəbərdardırlar. Bu səbəbdən də kitabın muzeyə hədiyyə olunmasını yüksək qiymətləndiriblər”, – deyə T.Eminova söyləyib.
Qeyd edək ki, ABŞ-ın bir neçə ştatında və böyük şəhərlərində fəaliyyət göstərən “Holokost Memorial Muzey”lərini hər il on milyonlarla amerikalılar və turistlər ziyarət edirlər.
Xatırladaq ki, “Tovuzdan Qarabağa” adlı kitabda Azərbaycanın ötən 30 ildə keçdiyi tarixdən söz açılıb, Cənubi Qafqazdakı hazırkı geosiyasi vəziyyət təhlil edilib. Bu, 44 günlük Vətən müharibəsindən sonra bu mövzuda yazılan ilk kitabdır.