“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Türkiyənin Sivil Toplum İlişkiləri Genel Müdürlüyünün təşkilatçılığı ilə Bakıda Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsi hər iki ölkənin cəmiyyətləri və dövlət rəhbərləri arasındakı qardaşlığın bariz nümunəsidir”.
Bunu İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.
O bildirib ki, eyni zamanda bunun vətəndaş cəmiyyətində də özünü göstərməsi müsbət haldır.
Təşkilat sədrinin sözlərinə görə, “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun keçirilməsini ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir:
“Otuz ildən bəri bu yöndə ayrı-ayrılıqda fərdi təşəbbüslər olsa da, dövlət dəstəyi ilə əlaqələrin qurulması çox müsbət haldır. Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə əlaqələri çox ayrı fazaya qədəm qoyub. Dövlət qurumları və vətəndaş cəmiyyətinin də bu çağırışlara adekvat cavab verməsi zəruri idi və görünən odur ki, bu yöndə Azərbaycan tərəfdən həm Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, həm Azərbaycan Gənclər Fondu, Türkiyə tərəfindən də Sivil Toplum İlişkiləri Genel Müdürlüyü, Yurtdışı Türkler ve Akraba Toolulukları Başkanlığı (YTB) , Türkiye Gençlik Vakfı ciddi fəaliyyət ortaya qoymaqdadırlar. Bu aspektdən baxdıqda hazırkı forum əməkdaşlığın perspektivləri baxımından olduqca vacibdir. Bugünkü forumun yüksək təşkilatçılığına görə, Azərbaycan Respublikası Prezidentinin Qeyri-Hökümət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, QHT Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yeni icraçı direktoru Aygün Əliyevə başda olmaqla Agentliyin müşahidə şurasının üzüvlərinə o cümlədən kollektivə xüsusi təşəkkür edirəm. Hər iki qardaş ölkənin vətəndaş cəmiyyəti üçün xeyirli-uğurlu olsun”.