Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
DiasporPress.az məlumatına görə, oktyabrın 24-dən noyabrın 2-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək komandalararası Avropa çempionatında ölkəmiz əsas heyətlə mübarizə aparmayacaq.
Buna Teymur Rəcəbovun yığmadan kənar qalması səbəb olub. Dünya Kubokunu qazanmaqla, İddiaçıların Turnirinə vəsiqə əldə edən qrossmeyster Avropa çempionatını azarkeş kimi izləyəcək. Onu əvəzləməli olan Nicat Abbasov da yorğunluq səbəbindən Batumiyə aparılmayıb. Nəticədə Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynova komandanın kapitanı Eltac Səfərli qoşulub.
Qadınların Avropa çempionatında isə Azərbaycanı Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova təmsil edəcəklər.
Hər iki komandaya kapitanlığı Fikrət Sideyfzadə edəcək. Püşkə əsasən, kişilərdən ibarət Azərbaycan millisi ilk turda Serbiya, qadınlardan ibarət komanda Latviya ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2 il öncə kişilərdən ibarət Azərbaycan yığması Avropa çempionatında birinci olub. Yunanıstanda baş tutan son analoji yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynov ölkəmizə qitə birinciliyinin 3-cü qızıl medalını qazandırıb.
DiasporPress.az