Diaspor

“Təyinatım diaspora göstərilən etimaddır” – İslam Hüseynov

“Təyinatım diaspora göstərilən etimaddır” – İslam Hüseynovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti” (URAMMM) ictimai təşkilatının sədri İslam Hüseynov bu vilayətin qubernatoru Aleksey Russkixin ictimai əsaslarla müşaviri təyin edilib.

1990-cı illərdən Ulyanovskda məskunlaşan İ.Hüseynov 2005-ci ildən Ulyanovsk vilayətində Azərbaycan diaspor təşkilatının rəhbəridir. Ulyanovsk vilayətinin qubernatoru yanında Millətlər Şurasının üzvüdür. Onun rəhbərliyi ilə URAMMM müntəzəm olaraq Ulyanovsk vilayətində mədəniyyət, idman, xeyriyyə və təhsil layihələrini həyata keçirir. Bu layihələr əsasında Ulyanovsk Xalqlar Dostluğu Parkının ərazisində Azərbaycanın ekspozisiyası bərpa edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılıb və onun adını daşıyan meydan salınıb. URAMMM fəalları Heydər Əliyevin adını daşıyan 78 nömrəli Ulyanovsk orta məktəbinin şagird-müəllim kollektivinə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə İslam Hüseynov “Tərəqqi” medalı ilə təltif edilib. Soydaşımız həmçinin Ulyanovsk vilayəti hökumətinin “Xalqlar dostluğu” medalına layiq görülüb.

Modern.az xəbər verir ki, diaspor təşkilatının rəhbəri yeni təyinatı ilə bağlı sualları cavablandırıb.

– Qubernatorun müşaviri təyin olunmağınız necə baş verdi?

Ulyanovsk vilayətində çox yaxşı və mühüm ənənə var – qubernatorun müşavirlərindən biri həmişə yerli Millətlər Şurasının üzvü, regionun milli təşkilatlarından birinin sədri olur. Məsələn, tatar və çuvaş milli-mədəni muxtariyyətlərin rəhbərləri də bu cür müşavirlərdən olublar. Bu məsələ növbəti dəfə gündəmə gələndə Millətlər Şurasındakı həmkarlarım mənim namizədliyimi irəli sürməyi qərara aldılar. Buna görə onlara minnətdarlığımı bildirirəm. Bu hörmət və etimad təkcə mənə yox, “Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin bütün komandasına göstərilib. Yanvarın 31-də mənə hökumət aparatından zəng edildi və qubernator Aleksey Russkixin müşavir təyin olunmağım haqqında sərəncam imzaladığı bildirildi. Həmin gün axşam Aleksey Yuryeviç mesaj yazaraq, məni şəxsən təbrik etdi. Bir neçə gün sonra isə o, qubernatorun ictimai əsaslarla müşaviri vəsiqəmi mənə təqdim etdi.

Mşavir kimi hansı sahələri koordinasiya edəcəksiniz?

Hər şeydən əvvəl milli siyasət məsələləri gəlir. Bu mənada bizim region çox fəal və məhsuldardır, çoxlu güclü milli təşkilatlar var, böyük işlər görülür, nəhəng tədbirlər və aksiyalar həyata keçirilir. Birmənalı şəkildə gənclərlə işi gücləndirmək lazımdır. Xalqlar Dostluğu Parkını yenidən qurmaq vacibdir. Regionun bütün milli təşkilatları, regionlararası və beynəlxalq əməkdaşlıq yeni inkişaf impulslarına möhtacdır. Başqa sözlə, görüləcək işlər çoxdur.

Təyinatınız Ulyanovskdakı Azərbaycan diasporunun fəaliyyətinə necə təsir edəcək?

Ümid edirəm ki, təsirləri çox müsbət olacaq. Bayaq dediyim kimi, bu, təkcə mənə yox, bizim bütün fəallarımıza, Azərbaycan diasporuna göstərilib. Daha fəal və məhsuldar olmağa çalışacağıq.