Qardaş Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır. Yaranmasının 100-cü ildönümündə keçirilən bu seçkilər qardaş ölkənin siyasi tarixində və gələcək inkişafında müstəsna əhəmiyyət kəsb edir.
Bu baxımdan Türkiyədə birinci turda inanılmaz seçici aktivliyi və bununla bərabər seçkilərin son dərəcə sakit, demokratik ab-havada keçirilməsi bütövlükdə türk xalqının qələbəsi hesab olunmalıdır. Böyük Mustafa Kamal Atatürkün qurduğu Cumhuriyyəti Türk Dünyasının gözü kimi qoruyan qardaşlarımızdan ikinci turda da eyni siyasi iradəni gözləyirik.
Məlum olduğu kimi Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün xarici ölkələrdəki Türkiyə vətəndaşlarının səsvermə prosesi 20-24 may tarixlərində keçiriləcək. Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının bu dəfə də aktivlik və öz mövqeyini ifadə etməsi vacibdir.
Mən uzun illər Türk Dünyası, xüsusilə Türkiyə uğruna mücadilə aparan bir Türk Xanımı olaraq Azərbaycanda yaşayan on minlərlə qardaş bacıma səslənərək onları ikinci turda daha böyük aktivlik göstərməyə çağırıram. XXI əsrin Türk əsri olmasının əsasında duran qüdrətli Türkiyə üçün seçkidə hər bir vətəndaşın iradəsini ifadə etməsi vacibdir.
Bu məmləktə, bu dövlətə harada yaşamasından asılı olmayaraq Türkiyə vətəndaşı sahib çıxacaq və bil ki, “Sən sahib olursansa, bu Vətən batmayacaqdır!” Mən inanıram ki, Türkiyə qardaş bacılarımız Atatürk yoluna sədaqət nümayiş etdirərək bu vətəni heç bir yad düşüncəyə təslim etməyəcəyini növbəti dəfə təsdiqləyəcək! Bu gün Türk Dünyasının qoşa qanadı Türkiyə-Azərbaycan İttifaqıdır! Bu baxımdan ölkəmizdə yaşayan Türkiyə vətəndaşları bu ittifaqın canlı qoruyucuları kimi seçkidə öz sözünü deməlidir. Bir daha sizlərə üz tutaraq Türk İnsanının seçki və demokratiya mədəniyyətini dünyaya sübut etməyə çağırıram!
Tənzilə Rüstəmxanlı
Azərbaycan-Türkiyə Evinin (ATEV) və Azərbaycan-Türk Qadınlar Birliyinin sədri