Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) təşkilatçılığı və ev sahibliyi ilə Türkiyədəki azərbaycanlı iş adamları və Ankarada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin üzvləri, ölkəmizin Ankaradakı səfirliyinin nümayəndələri iştirak edib.
TADƏHF-in sədri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, professor Aygün Attar rəhbərlik etdiyi Fond barədə və görüşün məqsədi haqqında ətraflı məlumat verib. Bildirib ki, Fondun nəzdində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evi fəaliyyət göstərir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəni tarixi hadisə kimi dəyərləndirən A.Attar bildirib ki, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək olmaq hər birimizin vətəndaşlıq borcu və mənəvi missiyasıdır.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (“YAŞAT”) hüquqi funksiyasından bəhs edən dövlət agentliyinin rəhbəri Ülvi Mehdiyev diqqətə çatdırıb ki, “YAŞAT” Fondunun şəffaf və səmərəli idarəetmə ilə fəaliyyəti qarşıda duran ən mühüm vəzifələrdəndir. Bildirib ki, şəhid və qazi övladlarının vətənpərvər böyüməsi, yüksək təhsil alması, onların cəmiyyətimizdə daim sağlam mövqedə dayanmasını təmin etmək “YAŞAT” Fondunun fəaliyyətinin mühüm istiqamətidir.
Görüşdə “YAŞAT” Fondu ilə iş adamları arasında səmərəli əməkdaşlığın perspektivlərinə dair faydalı diskussiya aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Diasporpress.az