Şuşada gənclər üçün çox gözəl düşərgə keçirilir. Bu gün düşərgədəki birinci günümüzdür. Ümid edirəm ki, bir həftə ərzində bu ərazilər haqqında daha çox məlumat əldə edəcəyəm.
Bunu avqustun 2-də Şuşada açılışı olan Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçısı Sure Gündoğdu deyib.
“Çox sevincliyəm ki, artıq Şuşaya qovuşmuşuq. Həmişə valideynlərim Şuşa və işğal edilmiş digər torpaqlarımız haqqında bizə məlumat verirdilər. Amma bu əraziləri əyani şəkildə görmək başqadır. Çox sevincliyəm və ümid edirəm ki, düşərgə də çox gözəl keçəcək”, – deyə S.Gündoğdu qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin şahidi olduğunu bildirən soydaşımız deyib: “Burada gördüklərimi Niderlanddakı dostlarımla, müəllimlərimlə paylaşacağam ki, onlar da vəziyyət barədə xəbərdar olsunlar. İşğaldan azad olunmuş ərazilərdə şahidi olduğum prosesləri yaşadığım ölkədə hər zaman təbliğ edəcəyəm”.