Fransanın Strasburq şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın və Türkiyənin Avropa Şurası yanında Daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener çıxış ediblər.
Diplomatlar möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı, xalqımızın və diaspor təşkilatlarının sarsılmaz birliyi və həmrəyliyi sayəsində işğala və ədalətsizliyə son qoyulduğu, Vətən müharibəsində əldə olunan tarixi zəfərlə xalqımızın şanlı qəhrəmanlıq salnaməsi yazdığı, qələbə sayəsində “bir millət, iki dövlət”in gələcəyə inamla baxdığı nəzərə çatdırılıb.
Sonra 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş videoçarxlar nümayış olunub.
Böyük coşqu və sevinc içində keçən tədbir bayram konserti ilə davam edib.