“Söyüş müxalifəti”nə dəstək, separatçılarla işbirliyi, Azərbaycan düşmənçiliyi – O adamları Mübariz Mənsimovla nə bağlayır?
İddia etdikləri kimi, əsasən, siyasi səbəblərlə əlaqədar Azərbaycanı tərk edərək Avropanın müxtəlif ölkələrində məskunlaşan mühacirlərin bir qisminin öz fəaliyyətini “demokratiya və insan haqlarının təmin olunması”na yox, birbaşa dövlət əleyhinə yönəltməsi son illərin düşərgələrarası mübarizəsində qırmızı xətlə keçən arzuedilməz elementə çevrilib. Ölkənin siyasi hakimiyyəti ilə yanaşı, dövləti də “mübarizə”lərinin başlıca hədəfinə çevirən həmin qrup dəstək və təlimat aldığı mərkəzlərin diqtəsi altında Azərbaycanda ictimai gərginliyin aradan qalxmaması üçün bütün imkanlarını səfərbər edib.
Təsadüfi deyil ki, haqqında danışılan mühacir kateqoriyası bütün hədd və çərçivələri keçən fəaliyyəti, müxtəlif platformalarda yaratdığı “TV-lər”də istifadə etdiyi etik normaları tapdalayan üslub və leksikonu sayəsində “söyüş müxalifəti” statusunu birmənalı sahiblənib. Məhz o qrupun seçdiyi tərz və bu yolverilməz davranışlara verilən qarşılıq Azərbaycanda əsrlər boyu formalaşan əxlaqi dəyərlərin qısa müddətdə nə dərəcədə aşındığını, sıradan çıxmaq təhlükəsi ilə üzləşdiyini ən açıq formada ortaya qoydu.
“Söyüş müxalifəti”nin ən həyasız formada təzahürü və maliyyələşdirilməsi, onun açar nümayəndələrinin bağlı olduqları mərkəzlərdə kimlərin toplanmasına aid məsələlər yerli mediada və sosial şəbəkələrin Azərbaycan seqmentində dəfələrlə müzakirəyə çıxarılıb. Maraqlıdır ki, Avropada formalaşdırılmış “söyüş müxalifəti”nin yönləndirilməsi və zaman-zaman ifrat səviyyədə “radikallaşdırılması”nda ilk növbədə fəaliyyətdə, yaxud da istefada olan yüksək dövlət məmurlarının adı daha çox hallandırılıb.
“Ox”ların onlara doğru yönəlməsinin əsas səbəbi olaraq nəzərdə tutulan məmurların bu yolla ölkənin ali rəhbərliyini təzyiq altında saxlamaqla öz mövqelərini qorumaq, təsir imkanlarını daha da genişləndirmək niyyəti göstərilirdi. İlk baxışda paradoksal görünsə də, “söyüş müxalifəti” daxilində yaranan ayrı-ayrı dəstələrin bir-birilərinə qarşı hücuma keçmələri əvvəlki cümlədə qeyd edilən yanaşmanın müəyyən qədər əsaslı olduğu qənaətini doğururdu. Bununla belə, məsələnin köklərinin deyildiyi qədər üzdə ola biləcəyinə skeptik baxışlar da mövcud idi və üzə çıxan müəyyən detallar o şübhələrin boş yerdən yaranmadığını təsdiqlədi.
“Söyüş müxalifəti”nin “ağır silah”larının kimliyinə baxdıqda onların sırasında Məhəmməd Mirzəli və Tural Sadıqlının adlarının xüsusi cizgi ilə keçdiyini görmək mümkündür. Hər halda, bu iki “bloqer” yerləşdikləri düşərgə yoldaşları ilə müqayisədə hədəf və ifadə seçimində özlərini qətiyyən çətinə salmamaları ilə tanınırlar. Həm Mirzəli, həm də Sadıqlı kamera qarşısına keçərək Azərbaycan rəhbərliyinin ünvanına hədyanlar yağdırmaqda, kişi və qadın olmasının fərqinə baxmadan, kimə gəldi, ağıza alınmayacaq təhqirlər püskürməkdə sanki xüsusi ixtisaslaşıblar. Azərbaycan Prezidentinin ötən həftə gerçəkləşən Brüssel səfəri zamanı bu qaragüruhun qəbuledilməz davranış nümayişi də onların dəyər tanımazlığını bir daha sərgilədi. Bunlar öz yerində.
Amma “söyüş müxalifəti”nin maliyyələşdirilməsi məsələsində üzə çıxan adlar bu mövzuya aid məmurlara yönəlik ehtimallarla müqayisədə təkzibedilməz faktlarla təsdiqlənir. Redaksiyamızın əldə etdiyi məlumatda bəhs olunan bloqerlərin maliyyələşdirilməsində Türkiyə vətəndaşlığını qəbul etmiş azərbaycanlı iş adamı Mübariz Mənsimovun yaxın çevrəsində qərarlaşan Seyran Rəfiyevin adının olması heç kəsi təəccübləndirməsin.
Bəli, söhbət Mənsimov Türkiyədə həbs edildikdə onun müdafiəsinə qatılan, Avropadakı bəzi azərbaycanlı mühacirlərlə birlikdə “Palmali”nin sahibi üçün Müdafiə Komitəsi yaradan Seyran Rəfiyevdən gedir. Aşağıda təqdim olunan videoda Rəfiyevin dəyər və əxlaqı həyat tərzindən çıxarmış Məhəmməd Mirzəlinin “TV” fəaliyyətini qurmasına necə maddi dəstək olduğunu öz dilindən eşidə bilərsiniz.
Lakin Rəfiyevin “fədakarlığı” bununla çərçivələnsəydi, bəlkə də, buna o qədər əhəmiyyət verməmək də olardı. Əldə etdiyimiz səhih məlumatlara əsaslanaraq deyə bilərik ki, Mənsimovun svitasında yer tutan Rəfiyevin əksər tərəfdaşı Azərbaycanın ağır günlərində baş qaldıran “Talış-Muğan avantürası”nın dəstəkçiləri, bu düşüncələrindən yana erməni separatçıları ilə “dərin inteqrasiya” içində olan fiqurlardır. Yeri gəlmişkən, Rəfiyevin yaratdığı Mənsimovun Müdafiə Komitəsində təmsil olunanların da bir çoxu talış separatizminin nümayəndələri olub.
Onların arasında kimlər yoxdur? “Talış-Muğan” rəzalətinin baş ideoloqu, Vətənə xəyanətə görə Azərbaycan vətəndaşlığından çıxarılan, Avropaya köçdükdən sonra ermənilərlə, sözün tam mənasında, qardaşlaşan Əlikram Hümbətovun adını çəkmək kifayətdir. Ancaq siyahı onunla yekunlaşmır. Fotodan da göründüyü kimi, Rəfiyev Avropa Parlamentinin Çexiyadan olan erməni əsilli deputatı Yaromir Ştenina ilə çox səmimi ortamda kameraya poz verib.
Təqdim olunan fotoşəkillərdə, həmçinin Qarabağa qanunsuz səfərlərə görə Azərbaycanın beynəlxalq axtarışa verdiyi rusiyalı deputat da var. Başqa sözlə, Rəfiyevin də, onun maliyyələşdirdiyi “bloqer”lərin də istər talış, istərsə də erməni separatçıları ilə birgəliyi onların mahiyyəti barəsində dəqiq təsəvvür yaradır. Azəbaycana qarşı düşmən münasibət onları bir araya gətirən əsas “dəyər”dir.
Yuxarıda da qeyd olundu ki, Seyran Rəfiyev azərbaycanlı iş adamı Mübariz Mənsimovun yaxın ətrafında yer tutan şəxsdir. Rəfiyev haqqında konkret və ümumi şəkildə qeyd olunan məqamlar Mənsimova ünvanlanacaq sualları maksimum dərəcədə aktuallaşdırır. Xatırlayırsınızsa, “Palmali”nin sahibi bütün publik çıxışlarında “türk oğlu türk” olduğunu, “Şirkətimdə üçüncü nəsil erməninin olduğunu eşitsəm, dərhal qovaram” məzmunlu gurultulu bəyanatları ilə diqqəti üzərinə çəkmişdi. Etiraf edək ki, onun bu fikirləri heç də təsirsiz qalmamış, Mənsimov haqqında “gerçək vətənpərvər” obrazının yaranmasına təkan vermişdi.
Yaxşı, o halda necə olur ki, ermənilərlə və talış separatizminin nümayəndələri ilə dərin işbirliyində olan bir şəxs Mənsimovun çevrəsində özünə mövqe tutur, onun ən yaxın adamlarından birinə çevrilir? “Palmali” sahibinin kimlərlə yaxınlıq etdiyindən bu qədər xəbərsiz olması mümkündürmü?
Qətiyyən inandırıcı deyil. Mənsimovu tanıyanlar çox yaxşı bilir ki, o belə məsələlərə xüsusi diqqətlə yanaşır və bir neçə mərhələdə “sınaq”dan çıxarmadığı insanları yaxınına buraxmır. Bu isə o deməkdir ki, Mənsimov ona yaxın olan şəxslərin Azərbaycana düşmən kəsilmiş separatçılarla işbirliyindən, o cümlədən “söyüş müxalifəti”ni maliyyələşdirmələrindən xəbərsiz deyil. Xəbərsiz deyilsə, deməli, özü də o düşüncələrin, Azərbaycan düşmənçiliyinin daşıyıcısıdır.
Düşməninsə kimliyinin, hansı dində-donda olmasının fərqi yoxdur…