Avstraliya İttifaqında yaşayan azərbaycanlıların təşəbbüsü ilə 17 mart 2021-ci il tarixindən Avstraliya Parlamentinin rəsmi saytında “Milli, etnik, dini qruplaşmaların öz münaqışələrini Avstraliyaya gətirməməsi” başlıqlı EN2441 saylı petisiya yerləşdirilib.
Petisiyada Azərbaycan həqiqətləri nəzərə çatdırılıb. Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal altında saxladığı, BMT-nin bu işğalı pisləyən 4 qətnamə ilə çıxış etdiyi, azərbaycanlılara qarşi dəhşətli etnik təmizləmə və təcavüzkar siyasət aparması, milyona yaxın azərbaycanlını doğma evlərindən didərgin saldığı, ötən il antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi, hazırda Rusiya sülhməramlılarının Dağlıq Qarabağda atəşkəs rejimini monitorinq etdiyi barədə ətraflı məlumat verilib.
Soydaşlarımız parlamenti milli etnik qrupun gündəmə gətirməyə çalışdığı, Avstraliyanın siyasi mövqeyinə zidd olan və etirazlar doğuran irqçi, zərərli və ayrı-seçkilik salan siyasi ritorikanı pisləməyə çağırıblar.
Soydaşlarımızı bu addımı atmağa vadar edən Sidney və Melburn şəhərlərindəki ermənilərin yolverilməz və qəbuledilməz hərəkətləri olub. Azərbaycanın parlaq qələbəsini heç cür həzm edə bilməyən erməni diasporu Qarabağda qeyri-qanuni fəaliyyət göstərmiş qondarma qurumun tanınması barədə məktubla Avstraliya İttifaqının Baş Naziri Skot Morisona (Federal Parlamentə), xarici işlər naziri Meris Peyn və XİN-in aparat rəhbərinə müraciət ediblər. Ermənistanın Avstraliyadakı Milli Komitəsinın facebook səhifəsində yaydığı məlumata əsasən, Avstraliya Parlamentinin və ermənilərin “Dostluq Qrupu”nun üzvü olan Con Aleksandr və Tim Vilson məktubu şəxsən Baş Nazirə təqdim ediblər. Bundan başqa, erməni diasporu “Artsax”ın beynəlxalq arenada tanınması məqsədilə petisiya ilə çıxış edib.
EN2441 saylı petisiya ilə daha ətraflı şəkildə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://www.aph.gov.au/e-petitions/petition
Diasporpress.az