Gənc alim Riyad Arif oğlu Rüstəmlinin və Amaliya Həsənovanın Sosial sinergetikaya aid ilk dərs vəsaiti – “Müasir təbiətşünaslığın sosial-sinergetik konsepsiyası” çap olunub.
Editor.az xəbər verir ki, Amaliya Murad qızı Həsənova və Riyad Arif oğlu Rüstəmlinin həmmüəllif olduğu sosial sinergetikaya həsr olunmuş ilk dərs vəsaitində müasir təbiətşünaslığın konsepsiyalarını tədqiq və təhlil etmək, insan cəmiyyətinin davamlı inkişafını təmin etmək üçün öyrədilən biliklərə sinergetik yanaşmanın metodları barədə məlumat verilir.
Təhsil cəmiyyətin fundamental əsaslarından biri hesab olunur. Buna görə də təhsil prosesinə sinergetik yanaşma dövrün aktual tələblərindən biridir. Müasir təhsil prosesində sinergetik biliklərə sahib olan pedaqoji kadrların hazırlanması müəllimin şagirdin və tələbənin həyatında rolunu aktivləşdirməyə yönəldilməlidir. Müəllim yalnız tədris etdiyi fənni öyrətməklə kifayətlənməməli, hər hansı sosial və konfliktli vəziyyətlərdən çıxış yolunu, cəmiyyətin qanunlarına tabe olmağı öyrətməyə çalışmalıdır. Biliklərin öyrədilməsi prosesində müəllimin öyrətməli olduğu məsələlər sırasında insanın onu əhatə edən mühitlə, cəmiyyətin digər üzvləri ilə qarşılıqlı əlaqələri xüsusi yer tutur. Normal həyat fəaliyyətinin təmin edilməsi üçün insanlar arasında münasibətlərin düzgün qurulması əsasdır, çünki, münasibətlər düzgün qurulmadıqda qarşılıqlı anlaşılmazlıqlar baş verir. Müasir insanın aydın təfəkkürə, yüksək əhval-ruhiyyəyə, yaxşı yaddaşa malik olması üçün lazım olan biliklər dərs vəsaitində ətraflı təhlil olunub. Sinergetika meydana gələndə süni intellekt inkişaf etməmiş, dərs vəsaitində sinergetikanın bu istiqamətdə də tədqiqatları və təhlilləri barədə qeyd olunmuşdur.
Dərs vəsaiti biologiya, tibb, fəlsəfə, fizika, psixologiya, sosiologiya,politologiya ,sosial iş ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri və gənc tədqiqatçılar üçün nəzərdə tutulub.