Ağdama tərəf yol alan ən sonuncu avtobusun, sonuncu oturacaqlarının birində oturub eləcə vaxtın keçməsini gözləmək. Çox mənasız və məzmunsuz bir işdir deyim, biləsiz. Yol uzanır, uzandıqca adamın səbriboğazında düyünlənir.
Belə hallarda hər zaman ağlıma yaxşı hadisələri gətirmək çoxdankı adətimdir. Beyini kiçik “tryuk”la aldadıb zamanı unutmaq və zamana özünü unutdurmaq.
Deyəsən alındı, amma indi də…
İndi də unutduğum, amma xatırlayarkən zövq aldığım o səhnə gözümün önündən çəkilmir. Varşava radiosunun əvəzolunmaz musiqiçisi, yahudi əsilli polşalı Vladislav Şpilman obrazının “Pianoçu” filmindəki ilk səhnəsi. Şopenin həzin və dünya boyda ağırlığı olan musiqisi Şpilmanın incə və uzun barmaqlarında səslənir, adama qəribə bir hüzün aşılayır.
Başımı avtobusdakı digər həmkarlarımla söhbətə qatıb zamanın bir az da belini qırmağa çalışdım. Onlardan birinin anidən dediyi söz beynimə güllə kimi çaxıldı: “Mən Ağdama bu yaxınlarda getmişdim. Sənə deyim ki, görəcəyin mənzərədən sonra nə hiss edəcəyini bilməyəcəksən. Sadəcə bu hissə ad tapa bilməyəcəksən. Mən şəxsən tapa bilmədim”.
Əslində Ağdamda nələri görəcəyimi təxmin edirdim. Dağıdılmış binalar, talan edilmiş və yağmalanmış şəhər. Başqa? Axı bunları görməsəm də bilirəm. Bəs, başqa nə məni təəccübləndirə bilər? Hələ ki bu barədə kiçik belə olsa fikrim yoxdur.
Bərdə və Tərtər rayonlarının mərkəzlərini keçdikcə avtobus kortejinə boylanan insanların maraqlı baxışlarını görməmək mümkün deyildi. Adamlar dükanların, dayanacaqların önündə durub bizə tamaşa edirdilər. Yəqin ki, hamısının içində eyni sual dövrə vurur. Görəsən, bu avtobusdakılar kimlərdir və onlar niyə Ağdama gedirlər? Bəlkə də, aralarında qorxanlar da var, bilmirəm. Təkcə bildiyim bu adamların hamısının istisnasız qəhrəman olmalarıdır.
Özüm də istəmədən fikrimi səsli formada yanımdakılara dedim: “Hamı medal davası edir. Biri əsgərlərə iki paket siqaret aparıb deyə medal istəyir, biri iki dildə status yazıb deyə ad istəyir. Nə jurnalist qəhrəmandır, nə də başqa birisi. Jurnalist öz işini görür. Bu insanlar isə sadəcə yaşamağa çalışdılar. Bombaların altında qorxmadan yaşamaq. Onlar bunu bacardılar. Qəhrəman onlardır!” deyib içimdə yığılıb qalan üsyanımı bir nəfəsə qusdum.
Söhbət qızışdıqca asfalt yoldan çıxırıq. Torpaq yol bizi Ağdamın işğaldan yenicə azad olunmuş ərazilərinə aparır. Ayağa qalxıb pəncərədən üfüqdən görünən ucsuz-bucaqsız dağıntılara tamaşa edirəm. Boz və soyuq şəhərdəki ölüm qoxusu sanki pəncərənin o biri üzündən avtobusun içinə zəhərli maddə kimi axmağa başlayır, adamın bütün əhvalını ayaqlar altına alıb məhv edirdi.
Hamı sağında və solunda gördükləri ilə bağlı yanımızda əyləşən Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlıya suallar ünvanlayırdı.
Əslində onun bizim avtobusda getməsi şansımız idi. Çünki gördüyümüz mənzərəyə ən optimal cavabları yalnız ondan ala bilərdik.
Vaqif müəllim, bu xəndəkləri necə qazıblar?
Vaqif müəllim, buradan hərbi texnika necə gedib?
Vaqif müəllim…
Hamının suallarına cavab verən təcrübəli hərbçi mənim də suallarımı cavabsız qoymadı:
Vaqif müəllim, məni istehkamlarda düzülən təkərlər maraqlandırır. Niyə onu bura düzürlər?
Bu əslində zərbənin qarşısını almağa hesablanıb. Təkərlər rezin olduğu üçün bir çox hallarda onların üzərinə düşən patlayıcılar açılmır. Çox vaxt isə partlayışın həcmini azaldır.
Avtobusumuzun ilk dayanacağı minalanmış ərazilərə baxış üçün nəzərdə tutulmuş yerdə olur. Budur, prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında Azərbaycanda QHT və Media nümayəndələrinin birgə iştirakı ilə Ağdam şəhərinə təşkil edilmiş media tur başlayır. Həm də bu media tur digərlərindən fərqliliyi ilə seçilir. Burada müxalif və iqtidaryönümlü jurnalistlərin demək olar ki, hamısı iştirak edirdi. Əlqərəz, hamı avtobuslardan düşüb ərazilərin necə minadan təmizləndiyinə baxır. Hətta daha yaxşı tanış olmaq üçün “ANAMA” əməkdaşları bir mina da partladırlar.
Təkrar avtobuslara minib yola davam edirik. Az öncə yarımçıq qalmış söhbət avtobusdakı iki dost arasında gərgin müzakirənin başlamasına səbəb olur. Mövzu isə aktual və maraqlı idi. Türkiyə və Rusiya istehsalı olan və bu ölkələrin arsenalında yer alan hərbi texnikaların müqayisəsi.
Növbəti dəfə avtobus dayanır və biz Ağdamın ikinci Şəhidlər Xiyabanını ziyarət etmək üçün aşağı düşürük. Ətrafda otlardan və düzənlikdən başqa heçnə yoxdur. “Facebook”da canlı yayım etməzdən öncə bir də təsdiqləməyə çalışdım:
Biz hardayıq, burada niyə dayanmışıq?
Ağdamın İkinci Şəhidlər Xiyabanında.
Daha bir nəfərə eyni sualı verdim. Axı, bura düzənlikdir. Burada necə Xiyaban ola bilər? Çox keçməmiş anladım ki, bura həqiqətən də İkinci Şəhidlər Xiyabanı imiş.
Yalnız bir şərhlə bunu anladım. Anladım ki, əslində mənim ot basmış boş ərazi kimi gördüyüm bu yer bir çoxlarının dua yeriymiş, müqəddəs ocağıymış.
Anar Abbasov adlı “facebook”dakı canlı yayıma şərh yazan oxucunun sözlərindən bunu anladım. “Mənim atam orada dəfn olunub, lənət olsun bunlara” yazmışdı Anar. Dəfələrlə şərhində atasının dəfn edildiyi yeri yaxından çəkməyimi istəyirdi. İsrarla, durmadan. Amma haranı çəkə bilərdim ki? Axı burada otlardan başqa heçnə yoxdur. Bəlkə də bir ümidi var idi. Nə vaxtsa atasının məzarını görəcək, orada dua oxuyacaq deyə. Amma deyəsən mən çəkdiklərimlə onun bütün ümidlərini puça çıxardım. Bəzən ümid sonda ölmürmüş, elə ölü doğulurmuş.
Növbəti dayanacağımız “İmarət” türbəsi oldu. Donuzların saxlanılması üçün istifadə edilən türbəni bu vəziyyətdə görmək çox ağrılı idi. Erməni hərbçisinin qaçarkən üzərindən çıxarıb yerə atdığı gödəkcəsi isə mənim üçün günün hədiyyəsiydi.
“İmarət”dən çıxıb Ağdamın birinci Şəhidlər Xiyabanına doğru yol alırıq. Hamının ən çox görmək istədiyi onun məzarı idi: Allahverdi Bağırovun. Hamı bir nəfər kimi Azərbaycanın bu böyük qəhrəmanını anmaq üçün sıraya düzülmüşdü. Axı kim Allahverdi Bağırovun qəhrəmanlığını unuda bilər ki. O yüzlərlə Xocalı sakinin həyatını xilas edən və ermənilərin gözünün odunu alan unudulmaz komandir idi.
Xiyabanda yeri tapılan digər məzarları gəzərkən ayağımın altında parçalanmış mərmər parçası diqqətimi çəkdi. Bu Ruslan adlı bir körpənin məzar daşı idi. Parçalanmış məzar daşı burada yaşanan vəhşiliyin hansı həcmdə olduğunu anlamağa kömək edirdi. Yəqin ki, bu körpənin ailəsi də nə zamansa övladlarının məzarını yenidən ziyarət edəcəklərinə inanırdılar. Ancaq indi onların da ümidləri bu şəkildən sonra öldü.
Ağdamı gəzdikcə özümü Şpilman kimi hiss etməyə başladım. Yəqin ki, Şpilmanın faşistlərin məhv etdiyi şəhərdə bir alman zabitinin köməkliyi ilə necə gizləndiyini xatırlayırsınız. Faşist zabitin paltosu ilə aylar sonra küçəyə çıxan Şpilman ətrafında yalnız xarabalığın qaldığını görür. İndi Ağdamda bu xarablığın canlısını görmək mümkündür.
Ağdam Cümə Məscidi və Şahbulaq qalasından geriyə qalanları görmək bir az ümidləri və arzuları yüksəltsə də, içimdə böyük bir boşluq yaranmışdı. Avtobusda beynimə güllə kimi sıxılan o sözü istəsəm də indi unuda bilmirəm. Həqiqətən indi mən nə hiss edim? Ölü torpaq, ölü ağaclar, yox olmuş divarlar… Bura haradır? Bəlkə cəhənnəm buradır, bəlkə də yox olmaq belə olur. Bilmirəm. Həqiqətən, buranı görəndən sonra hansı hissləri keçirməli olduğumu bilmirəm.
Bircə bildiyim odur ki, bura indi ruhlar şəhəridir.
Diasporpress.az