“Prezident İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Qarabağla bağlı bəyanatı və Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistanda faşizmə xidmət edən insanların qəhrəmanlaşdırılması ilə bağlı çıxışı tarixi bəyanat və çıxışdır”.
DiasporPress.az APA-ya istinadən xəbər verir ki, bunu açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
S. Novruzov deyib ki, dövlət başçısının “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında bəyan etdiyi “Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan xalqının devizinə çevrilib. Azərbaycan xalqı bu şüar ətrafında birləşərək torpaqlarımızı azad etməyə hazırdır, xalq Prezidentlə birgədir: “İndiyə qədər ermənilərin tarixi, millət kimi xüsusiyyətləri, fəlsəfələri ilə bağlı çoxsaylı tarixi əsərlər yazılıb. Dövlət başçısı bir çıxışında nəinki bütün bunların hamısını əhatə etdi, ümumiyyətlə, dünyadakı erməni millətçiliyinə qiymət verdi, erməni dövlətinin saxta olmasını, həmişə separatçı mövqedə dayandığını çatdırdı. Bununla da, faktlar əsasında indiyə qədər tarixi şəxsiyyətlərin ermənilər barədə fikirlərini də üstələyən bir fikir ortaya qoydu”.
YAP icra katibinin müavini qeyd edib ki, İkinci Dünya Müharibəsində SSRİ-nin tərkibindəki xalqlar aktiv iştirak edib, çoxlu sayda insan həyatını itirib: “Azərbaycandan da bu savaşda 600 mindən çox insan iştirak edib, 300 min nəfəri həlak olub. Azərbaycan İkinci Dünya Müharibəsində SSRİ qoşunlarının yanacaq və sürtgü materiallarına tələbatının 95 faizini təmin edib. Belə olan halda Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana 6 metr hündürlükdə heykəl qoyan, onu özünə kumir seçən xalqın hansı ideologiyaya xidmət etməsi göz qabağındadır. Bu yanaşmada Xocalı soyqırımı, Azərbaycanın işğal olunmuş ərazilərində insanlara verilən işgəncələr, azərbaycanlı uşaqların borulara doldurularaq ağzının qaynaqlanması kimi vəhşiliklər öz əksini tapır”.
S. Novruzov Prezident İlham Əliyevin çıxışını əsas götürərək, erməni vəhşiliklərini bütün dünyaya çatdırmalı olduğumuzu vurğulayıb: “Bu aspektdə bir məqama da toxunmaq istəyirəm. Guya Ermənistan bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, digər tərəfdən, NATO-nun assosiativ üzvüdür. Qaregin Njde kimi bu gün Ermənistan dövlətinin də ikiüzlülüyü göz önündədir. Guya Ermənistan dövləti də İkinci Dünya Müharibəsində SSRİ-nin tərkibində olub, ancaq Qaregin Njde ətrafında çoxlu sayda erməni ilə ruslara, azərbaycanlılara, ukraynalılara, belaruslara, Orta Asiya xalqlarına qarşı vuruşub. Qaregin Njde Vətənə xəyanətə görə də cinayət məsuliyyətinə cəlb edilib. Erməniçilik, erməni xalqının xisləti budur”.
DiasporPress.az