Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar bu ölkədə səfərdə olan Azərbaycanın sevilən sənətçisi, gənc bəstəkar və müğənni Elçin Cəfərovla görüşüb.
Diasporpress.az xəbər verir ki, səmimi mühitdə keçirilən görüş zamanı musiqi sənətinin inkişaf perspektivləri müzakirə olunub.
Söhbət əsnasında özündə türkçülüyü, Vətənə, millətə, dövlətə və xalqa sədaqəti ehtiva edən mahnıların hazırlanmasının zəruriliyi qeyd edilib.
Bildirilib ki, Türk xalqları arasında mövcud olan musiqi bəstələri dünya musiqi sənəti sahəsində özünəməxsusluğu ilə seçilir.
Səmimi mühitdə keçirilən görüş zamanı Prezident Ersin Tatar müğənni Elçin Cəfərovdan Azərbaycan-Şimali Kipr münasibətlərinə həsr olunmuş mahnı bəstələməsini və şəxsən özünün ifa etməsini xahiş edib.
Elçin Cəfərov Prezident Ersin Tatarın xahişini məmnuniyyətlə qəbul edib.
Qeyd edək ki, görüşdə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, İnterpress Media Qrupunun rəhbəri Toğrul Allahverdili, Azərbaycanlı iş adamı Arif Quliyev və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu da iştirak edib.