Azərbaycan dövlət müstəqilliyi qazanandan bu yana 32 ilə yaxındır qardaş Türkiyə ilə münasibətlərin möhkəmlənməsi, həm dövlət, həm də qeyri-hökumət təşkilatları arasında əlaqələrin ən üst zirvəyə çıxması üçün əmək sərf etdiyimi hətta bu yola düşmən kəsilənlər də etiraf edər. Bu illər ərzində iki qardaş arasında gərginliklərin də şahidi olmuşam, bu gərginliklərin aradan qalxması, xarici güclər tərəfindən ortaya atılan xain layihələrin iflasa uğraması üçün əlimdən gələni etmişəm. Bununla belə, məlum qüvvələrin ailəmə böhtan atmasını üstələyib yolundan dönməyən biriyəm. Çünki ilk gündən Türkiyənin, Azərbaycanın və bütövlükdə türk dünyasının xilasının “Bir millət, iki dövlət” deyə öydüyümüz bu ittifaqın güclənməsinə bağlı olduğuna bütün ruhumla inanmışam.
Azərbaycanın Vətən savaşında Türkiyənin yanımızda olması, əsrin ən dəhşətli zəlzələsindən sonra Azərbaycanın kiçikdən böyüyə türk qardaşlarına dəstəyi göstərdi ki, bu qardaşlığı heç bir qüvvə poza bilməz. Bu gün bu ittifaqın, həm dövlət, həm də xalqlar arasında yaranmış yaxınlığın qürurunu yaşayıram və həm də fəxr edirəm ki, bu uğurda mənim də bir türk övladı kimi payım var.
Ötən illər ərzində Türkiyə ilə qarşılıqlı münasibətlərdə hər zaman arzu etdiyim, perspektivinə inandığım xüsusi bir məqam isə qeyri-hökumət təşkilatları arasında əlaqələrin daha da yüksəlməsi və ümummilli maraqlar məsələsində qüvvələrin birləşdirilməsi olub. Bu baxımdan, Ankarada Ümummilli lider Heydər Əliyevin doğumunun 100-cü ildönümü ilə əlaqədar keçirilən tədbirlər silsiləsində bu məsələnin təməlinin qoyulduğuna şahid oldum.
Əvvəla, onu vurğulayım ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə baş tutmuşdu. Onu da bildirim ki, agentliyin icraçı direktoru Aygün Əliyeva bu posta təyin olunduğu ilk günlərdə belə Azərbaycan və Türkiyənin bütün sahələrdə səmərəli əməkdaşlığına uyğun olaraq qardaş ölkənin QHT sektorunun təcrübəsinin öyrənilməsinin və qarşılıqlı əlaqələrin vacibliyinin anonsunu vermişdi. Ankarada keçirilən tədbir bu hədəfə çatılması üçün doğru və dəqiq yol seçildiyini bir daha təsdiqlədi. Tədbirdə Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri kimi mənimlə bərabər, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Erasimus Tələbə Şəbəkəsi Azərbaycan İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili, İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Samir Adıgözəlli, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayıl, Qlobal Jurnalistlər Şurasının sədri Elşad Eyvazlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Qərbi Azərbaycan İcmasının nümayəndəsi, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov qatılmışdı. Siyahını belə dəqiqliklə sadalamaqda məqsədim heyətin çox mükəmməl müəyyənləşməsinə diqqət çəkməkdir. Çünki bu təşkilatlar və onların rəhbərləri illərdir məhz Türkiyə-Azərbaycan münasibətlərinin yüksəlməsinə xidmət ediblər və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin işinə peşəkar yanaşmasının göstəricisidir.
Bu məsələ ilə bağlı xüsusi qeyd edəcəyim bir məqam tədbirdə Türkiyə tərəfindən də QHT sektoruna bağlı milli maraqların müdafiəçisi olan şəxslərin iştirak etməsi idi. Belə ki, illərdir iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün yorulmadan çalışan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri professor Aygün Əttar, Türkiyə Prezidentinin müşaviri Mücahit Küçükyılmaz, Türkiyə Daxili İşlər Nazirliyi Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin rəisi Əhməd Türköz və Ankara Universitetinin rektoru Necdət Ünüvarın tədbirə qatılması iki qardaş ölkənin QHT sektorunda əməkdaşlığın qurulmasının yeni bir mərhələyə qədəm qoyduğunu göstərir. Bu günə qədər Türkiyədə saysız-hesabsız tədbirlər düzənləyən biri kimi bildirim ki, bu şəkildə qarşılıqlı əməkdaşlıq səviyyəsində tədbir ilk dəfə keçirilirdi. Bundan başqa, səfər çərçivəsində TİKA-da, Azərbaycanın Türkiyədəki səfirliyində, Türkiyə PA Kommunikasiya İdarəsində, “Kamu-Sen”də görüşlərin keçirilməsi, Vəqflər İdarəsi ilə anlaşma memorandumunun imzalanması Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlığında, koordinasiyalı fəaliyyətində yeni səhifənin açılmasına inam yaradır. Bütün bunlar isə, heç şübhəsiz, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi icraçı direktoru Aygün Əliyevanın üzərinə götürdüyü məsul yükü layiqincə daşıdığının sübutudur.
Azərbaycandan olan nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində keçirilmiş anım tədbirində iştirak etməklə yanaşı, dağıdıcı zəlzələyə məruz qalan Qəhrəmanmaraş bölgəsində oldu. Burada salınacaq Azərbaycan şəhərinin işləri ilə tanış olduq, eyni zamanda, zəlzələdə evlərini itirən qardaş-bacılarımızı ziyarət etdik. Hər kəsdə Türkiyədə heç vaxt görmədiyim qədərində Azərbaycan sevgisinin şahidi oldum. Bu sevgi dünyanın istənilən şər gücünə qalib gəlmək qüdrətindədir. Türkiyə-Azərbaycan qardaşlığının QHT əməkdaşlığı isə bu gücün dünyaya nümayişinə əlavə dəstək olacaq. Kim bu yolda əmək verirsə, Allah yardımçısı olsun. İş görənin qarşısında deyil, yanında olmaqdır millətə xidmət. Bu mənim bir ay içində Türkiyəmizə üçüncü səfırim idi,bundan əvvəlki səfərimizin tədbirlərinə də ev sahibliyini də hörmətli Aygün Attar hanım yapmışdı,bir Canda iki Vətən daşıyan,ən gənc illərini bu yola adıyan,gənc nəsillərin örnək alacağı bir Türk Aydını,Allah yardımcın olsun,sonsuz təşəkkürlər sənə İgid Kadın.Tanrı Türkü və Türk Dünyasını Qorusun.