Müsahibə

Şervin Nəcəfpur dünyaya səsləndi: “Artıq ağlamaq yox, dirçəlmək zamanıdır”

Şervin Nəcəfpur dünyaya səsləndi: “Artıq ağlamaq yox, dirçəlmək zamanıdır”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçdə yaşayan azərbaycanlı modelyer və diaspor fəalı Şervin Nəcəfpurun yeni kolleksiyası Türkiyədə moda həftəsində nümayiş olunub. Türkiyədə Azərbaycanın tarixi qələbəsinə həsr olunmuş kolleksiyanın təqdimatı səs-küyə səbəb oldub. Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır. “Antalya Fashion Week Digital 2021”-də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya dünya moda camesində maraq doğurub.

Antalyada baş tutan dəfilədə manikenlər əllərində pankartlar, üzərlərindən “Xarı bülbül”-lə bəzədilmiş geyimlərlə dünyaya mesaj ötürüblər. Pankartlarda isə “Mən Qarabağ ulduzuyam”,  “Böyük qayıdış”, “Sevgilim, səni Cıdır düzündə, Şuşada gözləyirəm”, “Sevginin gücü bizi Xudafərində birləşdirəcək”-tipli mesajlar nümayiş olunub.

Moda dünyasına səs salan gənc modelyer fəalı Şervin Nəcəfpur Moderator.az-ın suallarını cavablandırdı.

-Həyata keçirdiyiniz bu layihə haradan qaynaqlandı? 

– Norverçdə doğulsam da əslən Cənubi Azərbaycanlıyam. Doğulduğum torpaqda hər zaman  atam mənə vətənindən danışaraq milli- mənəvi dəyərlərimizi aşılayıb. Gözümü açandan Norveçdə keçirilən Azərbaycanın mədəniyyət günləri, mitinqləri, aksiyaları, Azərbaycan adına keçirilən bütün irili-xırdalı tədbirlərdə böyümüşəm. Ruhumun oralı olduğunu hər zaman hiss etmişəm. Doğulduğum güdən bəri atamın  gözündə vətən sevgisi, eyni zamanda da ağır bir hüznün şahidi olmuşam. Atam Norveçdə yaşasa da, hər zaman ürəyi vətənlə döyünüb. Bunu mənə də aşılaya bilib. Mən də  Azərbaycana, Türkiyəyə gələndə burada  tamamlanıram. Qismət olsa, Qarabağa getsəm, bu hissim tam tamamlanacaq.  Ən böyük arzularımdan biri Şuşadan dünyaya daha güclü mesaj ünvanlamaqdır.

 

44 günlük savaşdan sonra Azərbaycanın əldə etdiyi zəfər bizi burada daha da ruhlandırdı. O zamana qədər həyata keçirdiyim layihələrdə Qarabağ həqiqətlərini daha çox təqdim etməyə və bunu  gördüyüm işlərlə dünyaya çatdırmağa çalışırdım.

Və nəhayət gözlədiyim və arzusunda olduğum gün gəlib çatdı, 30 illik həsrətimiz sona yetdi. Mənim də üzərində “Xarı Bülbül” əks olunmuş geyim eskzilərim vardı. Onu təqdim etmək üçün  bu zamanı gözləyirdim. Ən doğru zaman bu zaman imiş.

-Kolleksiya əslində özündə anlamlı mesajlar əks etdirir. Yəqin ki, oradakı hər bir xırda detalların da öz anlamı var. 

– Bəli. Ümumilikdə  zəfər tariximiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət oldu. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirməsini istədik. Eyni zamanda, seçilən rənglər “Xarı bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslarda əks olunub. Əl ilə işlənmiş aksesuarlar isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.

Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdə – Xanda, Xalı Tarlası adlanan məkanda baş tutdu. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır. Bir də mən buranı Şuşaya, Qarabağa bənzədirəm.
Kolleksiya Azərbaycan Diasporuna Dəstək Fondu və Türkiyənin Döşəməaltı Bələdiyyəsinin maliyyə dəstəyi ilə Antalya Rəqəmsal Moda Həftəsi çərçivəsində nümayiş̧ olunub.

 

-Norveçdə doğulsanız da ruhunuzun Azərbaycanda olduğunu qeyd etdiniz. Qürbət ölkədə böyüyüb, səlist Azərbaycan dilndə danışıb, tariximizə yaxından bələd olmaq çox təqdirəlayiq haldır.  

– Norveçdə doğulsam da valideynlərim hər zaman mənə türkçülük ideologiyasını aşılayıb. Qürbət ölkədə Azərbaycan musiqisini, əlifbasını, milli kinomuzu, mənəvi dəyərlərimizi  öyrənərək  böyümüşəm. Norveç və türk mədəniyyətinə sahib olduğum üçün özümü şanslı hiss edirəm. Tarixmizdən xəbərdar olmasaydım, dəfiləmdə o pankartlardakı dünyaya göndərilən mesajlara bu qədər həssas yanaşa bilməzdim. Misal üçün, pankartların birinin üzərində “Sevginin gücü bizi Xudafərində birləşdirəcək” yazılıb. Burada Şimali və Cənubi Azərbaycanın bir olmasından söhbət gedir .

 

– Sizcə, Qarabağ həqiqətlərinin dünya çatdırılmasında incəsənətin,  xüsusən də modanın rolu nə qədərdir?   

-Əlbəttə ki… Mədəni təbliğin də öz yeri var. İnanıram ki, nəinki moda, bütün sahələrdə dünyaya vacib mesajlar ünvanlaya bilərik. Xarici dizaynerlər hər zaman öz zəngin tarixilərindən, mədəniyyətlərindən ilham alaraq ölklərini, mədəniyyətlərini dünyaya tanıtdırırlar. Biz də bu sahədə ölkəmizi tanıtdıra bilirik. Təsəvvür edin ki, dünya insanları  Azərbaycan ornamentləri üzərində həkk edilmiş  geyimlərdən istifadə edərsə və o geyimləri geyinərsə, bunun özü də böyük təbliğat rolu oynayacaq.

2019-cu ildən beynəlxalq moda platformasından dünyaya çox vacib bir mesaj ünvanlayıram ki, “mən Qarabağın ulduzuyam və evimə qayıtmaq istəyirəm”.  Hər zaman çalışıram ki, xüsusilə xariclərin Qarabağ həqiqətləri  ilə diqqətini cəlb edim. Ermənilərin bizlərə qarşı törətdikləri vandallığı ilə bağlı məhz sənətlə dünyaya bir çox mesajlar ünvanlaya bilərik. Bu dəfiləni də məhz zəfər bayramımızı, böyük qayıdışımızı dünyaya çatdırmaq üçün etdim.

 

–  Qarabağ işğaldan azad olundu. Bundan sonrakı hədəfləriniz və məqsədləriniz nədən ibarət olacaq? 

–  Qarabağı dünyaya tanıtmaq istəyirəm. Budəfəki dəfiləmdə çalışmışam ki, pankartlarla dünyaya güclü mesajlar ünvanlayım. Artıq ağlamaq yox, dirçəlmək zamanıdır. Bundan sonra üzümüz güləcək, yenidən torpaqlarımızı dirçəldəcəyik. Gözəl musiqilərimizi, mədəniyyətimizi dünyaya çatdıraraq sənətlə dünyanın qəlbini qazana biləcəyik.

 

Xəyalə Rəis