Əmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volqanq Maniq ilə görüşündə bildirib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən bəhs edən nazir ərazilərimizin Ermənistanın işğalından azad edildiyini, dağıdılmış ərazilərimizdə başlanan böyük quruculuq işlərini qeyd edib.
Ölkəmizdə aparılan sosial islahatlar barədə səfiri məlumatlandıran S.Babayev sosial sahədə Almaniya ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.
O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında hələ 2008-ci ildə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ona görə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yenilənməsi və genişləndirilməsi arzuolunandır.
Nazir diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığı ilə ölkəmizdə Almaniyanın “Ottobock SE &Co” şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Müharibədə yaralanmış qazilərimizin ötən ilin dekabrından həmin müasir elektron protezlərlə təminatına başlanıb. Ümumilikdə ölkədə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.
Səfir V.Maniq ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Görüşdə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi layihə çərçivəsində əməkdaşlıqdan bəhs olunub. Peşə hazırlığı sahəsində Almaniya-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bu sahədə birgə tədbirlərin görülməsi ilə bağlı müzakirələrin davam etdiyi qeyd olunub. Yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi, məşğulluq, aktiv məşğulluq tədbirlərinin təşkili, peşə hazırlığı və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Diasporpress.az