Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd olubu ki, Milli Məclisin Sədri yaz sessiyasının konstruktiv və məhsuldar keçəcəyinə inamını ifadə edib.
Müasir dünyada parlamentlərin və parlament diplomatiyasının böyük rolundan bəhs edən Sahibə Qafarova vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası parlament əməkdaşlığının inkişafı üçün əlverişli platformadır.
Bu qurum regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində, digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir. Qeyd olunub ki, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, MDB-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsində bu qurum müsbət nəticələr əldə edib. Spiker bu baxımdan təşkilat tərəfindən sülhün və təhlükəsizliyin möhkəmlənməsində qadınların artan rolunu nümayiş etdirən Avrasiya Qadın Forumu kimi əlamətdar təşəbbüsü yüksək dəyərləndirib.
Sahibə Qafarova Beynəlxalq parlamentarizm gününün təsisi barədə BMT Baş Assambleyasının 72-ci sessiyasında MDB PA-nın irəli sürdüyü təşəbbüsün dəstəklənməsinə diqqət çəkərək deyib ki, 2018-ci ildən başlayaraq 30 iyun tarixində Beynəlxalq parlamentarizm gününün qeyd olunması məmnunluq doğurur.
Spiker ümidvar olduğunu bildirib ki, MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.
Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova media nümayəndələri üçün mətbuat konfransında iştirak edib.
Diasporpress.az