Ölkə

Sabir Rüstəmxanlı: “Azəri-Türk Qadınlar Birliyi türkçülük gününə yeni bir ruh gətirdi”

Sabir Rüstəmxanlı: “Azəri-Türk Qadınlar Birliyi türkçülük gününə yeni bir ruh gətirdi”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azəri-Türk Qadınlar Birliyinin Türkçülük yürüşü

25 il bundan öncə, may ayının 3-də, Türkçülük günündə Tənzilə Rüstəmxanlının başçılıq etdiyi Azəri-Türk Qadınlar Birliyi qeydə alındı. Bu təsadüfün rəmzi bir mənazı var. Qadın birliyinin niyyəti Azərbaycan qadınları ilə Türkiyənin və Türk dünyasının qadınları arasında əlaqələr qurmaq və mövcüd olan ilişkiləri gücləndirmək, bu yolla türk xalqları arasındakı körpüləri möhkəmləndirmək, Azərbaycanın yaşadığı faciələri qardaş xalqlara daha yaxşı çatdırmaq, onları türk düşmənlərinə qarşı birgə müqavimət və mübarizəsini təşkil etmək idi. Azəri-Türk Qadınlar Birliyi türkçülük gününə yeni bir ruh gətirdi, onu əsl bayrama çevirdi; ona yeni bir milli enerji qatdı və Türk dünyasının gələcəyə yönəli ideya qaynaqlarından birinə çevirdi.
Hər il may ayının 3-də Bakıda Azərbaycan və Türkiyə gənclərinin, tələbələrinin iştirakı ilə böyük coşqu və həyəcanla keçirilən həmin bayram günləri unudulmazdır və indi o şənliklərini xatırlayanda, qulağımda uzaq Sakadan, Tuvadan, Altaydan üzü bəri Türk ellərindən gəlmiş böyük sənətkarların biri-birindən gözəl türküləri səslənir.
25 ildə Azəri-Türk Qadınlar Birliyi neçə-neçə ölkənin qadın cəmiyyətlərini, qadın millət vəkillərini, sənət və siyasət adamlarını Azərbaycana dəvət etdi; onları qaçqın düşərgələrinə apardı, Qubadakı soyqırım muzeyini göstərdi, Azərbaycanın səmimi dostlarına çevirdi. Qadın birliyi Avropanı, Amerikanı əhatə edən şaxəli bir maşrutla dünyanın neçə-neçə ölkəsində Azərbaycanın üzləşdiyi ədalətsizlik, müharibədə itirdiyimiz torpaqlar, Xocalı soyqırımı haqqında bilgi verən konfranslar keçirdi. Hər il Türkiyədə ənənə halında qeyd olunan Xocalı həftəsinin ilk təşəbbüskarı məhz Azəri-Türk Qadınlar birliyidir. Təşkilatın dünyanın bir çox ölkəsində nümayəndəlikləri var. Azərbaycanda Nuru Paşa ilə bağlı ilk konfransın, Kərkük, Təbriz gecələrinin və Türk Dünyasının təbliği ilə bağlı digər mühüm tədbirlərin keçirilməsi, Türk tarixinin mübahisəli dövrləri ilə bağlı elmi müzakirələr Azəri-Türk Qadınlar Birliyinin adı ilə bağlıdır. Qadın birliyi yalnız öz gücünə arxalanaraq sivil toplum örgütünün boyunu aşan və ölkəmiz, dövlətimiz üçün əhəmiyyətli olan işlər gördü. Müstəqil Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi işində qadınlarımızın daha fəal iştirakına nail olmaq, türkçülük ideyalarının yayılması, özünüdərk və milli kimliyimizin təbliği ilə bağlı hədəflərinə sadiq qalan ATQB yorulmadan xaricdə yaşayan soydaşlarımızla informasiya mübadiləsinin genişləndirməsinə çalışdı.
Bütün bunlar əsl fədakarlıqdır. Azəri Türk Qadınlar Birliyi bu gün də Türk dünyasının Asena rəmzi kimi, milli haqlar və türk birliyinin möhkəmləndidirilməsi uğrunda mübarizənin önündədir. Tanrı yardımçıları olsun!

Sabir Rüstəmxanlı

 

Diasporpress.az