“Rusiya ilə Azərbaycan arasında əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyası sahəsində əməkdaşlıqla bağlı müəyyən razılıq mövcuddur”.
Bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko deyib.
Onun sözlərinə görə, iki ölkə arasında həm əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası, həm də koronaviruslu xəstələrin müalicəsi ilə bağlı razılıq var:
“Mən ötən il Azərbaycanda olmuşdum. Biz Azərbaycandan olan dostlarımıza koronavirusun müalicəsi ilə bağlı metodoloji tövsiyələrimizi vermişik və mütəxəssislərimiz Azərbaycana gedərək orada koronaviruslu xəstələrin müalicəsində iştirak ediblər. Ona görə də Azərbaycandan olan həmkarlarımızla münasibətlərimizi çox isti, dostcasına qiymətləndirirəm. Hesab edirəm ki, səhiyyə sahəsində iki ölkə arasındakı münasibətlər çox effektli inkişaf edir”.
M. Muraşko ölkəsinin Azərbaycanla tibb sahəsində mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıqdan da danışıb.
Nazir vurğulayıb ki, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti mütəxəssislərin hazırlanması sahəsində Azərbaycanla sıx əməkdaşlıq edir.
Diasporpress.az