Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayev Oxu.Az-ın suallarını cavablandırıb:
– Rövnəq müəllim, bir neçə gündür gündəmi zəbt edən hadisə ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
– Əvvəlcə bu məsələdə təmkinli davranan başda bütün qazilərimizə, şəhid ailələrimizə təşəkkür edirəm. Eyni zamanda, siz jurnalistlərə də obyektivliyiniz və operativliyiniz üçün təşəkkürlərimi bildirirəm.
Bilirsiniz, bu hadisədə bizi ən çox məyus edən qazilərimizin adından istifadə edilməsi oldu. Qeyd edim ki, qazilərimizə, şəhidlərimizə, şəhid ailələrinə hörmət, onlara ehtiram həm bir vətəndaş kimi, həm də məmur kimi borcumuzdur.
Rəhbərlik etdiyim SOCAR şirkətində də bu prinsiplər prioritetdir. SOCAR-da minlərlə qazi, şəhid ailəsi üzvləri işləyir. Biz həmişə onlara xüsusi diqqət və qayğı göstəririk. Bunu SOCAR-da işləyən hər kəs bilir.
– Hadisə barədə sizə nə zaman məlumat verildi?
– Bu hadisə baş verdikdən sonra mənə məlumat verildi. Məsələnin həssaslığını nəzərə alaraq dərhal tapşırıq verdim ki, hadisə araşdırılsın, əgər şirkətin əməkdaşlarının səhvi varsa, lazımi tədbirlər görülsün. Bir daha qeyd edim ki, qazilərimiz, şəhid ailələrimiz, Vətənimizin keşiyində dayanmış şəxslər bizim ən həssas yerimizdir.
Bizim onlara qayğımız həm də Ali Baş Komandanımızın tapşırığıdır, bizim vəzifə öhdəliyimizdən biridir. Bütün dövlət qurumları kimi, biz də onlara qarşı məsuliyyətli davranırıq. Ancaq araşdırmalarımız, videogörüntülər onu göstərdi ki, hadisə zamanı həmin şəxslər tikintiyə aidiyyəti olmayan bir qrup əlildən sui-istifadə edərək, vəzifə səlahiyyətlərini yerinə yetirən SOCAR-ın Təhlükəsizlik Xidmətinin əməkdaşlarına xidməti vəzifəsini yerinə yetirməkdə mane olurlar.
– İctimaiyyətdə hadisənin başvermə səbəbi ilə bağlı bir çox versiyalar var. SOCAR mühafizəçiləri ilə bir qrup şəxs arasında yaşanmış bu insidentə nə səbəb olmuşdu?
– Sentyabrın 27-də Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünövrə tökülməsi işlərinin aparılmağa başlanılması barədə məlumat almışıq. Həmin idarəyə məxsus ərazilər SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən mühafizə edilir.
Bir gün sonra – sentyabrın 28-də Təhlükəsizlik İdarəsinin 35 saylı mühafizə komandasının əməkdaşları xidməti ərazini növbəti dəfə yoxlayarkən həmin sahədə qanunsuz inşaat işlərinin davam etdirildiyini aşkarlayıb, ərazini zəbt etməyə cəhd göstərən şəxsə tikinti işlərinin dayandırılması barədə xəbərdarlıq ediblər.
Bu vaxt qanunsuz tikinti aparan şəxsin çağırışı ilə əraziyə bir qrup adam gəlib. Özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bu şəxslər mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər.
SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən özlərini müdafiə etməyə çalışıb, hadisə yerinə polis əməkdaşlarını çağırıblar.
Hətta insident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən bir neçə əməkdaşımıza – qarovul rəisinə və mühafizə komandasının digər əməkdaşlarına bədən xəsarətləri yetiriblər.
– Qeyd etdiniz ki, tikinti aparan şəxs bir qrup şəxsi dəvət edərək, bu insidentin yaranmasına səbəb olub. Bəs bu hadisənin baş verməməsi üçün başqa addımlar atıla bilərdimi?
– Bilirsiniz ki, SOCAR dövlət şirkətidir. O ərazilər də bilavasitə dövlətin ərazisi sayılır. Mətbuatda yayılan videoları mən də izlədim. O çəkilişlərdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də, polis əməkdaşlarını təqib edərək, onlara xətər yetirir, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərir, dövlətə qarşı qanunsuz çağırışlar səsləndirirlər. Qarabağ qaziləri, şəhid ailələri bizim başımızın tacıdır. Ancaq onların bu addan istifadə edən təxribatçılar olduğu artıq heç kimə sirr deyil.
– Hadisə zamanı və ondan sonra çəkilən videogörüntülərdən bəhs etdiniz. Onların Qarabağ qazisi olmadığını necə təyin etmək mümkündür?
– Hadisə yerindən çəkilmiş fotolardan, videogörüntülərdən məlum olur ki, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən şəxslər hadisə yerinə gəldikləri maşınların dövlət nömrə nişanlarını çıxarıb və göründüyü kimi, əvvəlcədən düşünülmüş plan üzrə öz hüquqazidd əməllərini həyata keçirirlər.
Biz, əlbəttə ki, araşdırmalardan sonra bu qənaətə gəldik. Hətta özünü qazi adlandıran bu şəxslərin əməllərini elə qazilər tənqid etdilər, əlil cəmiyyətləri, ictimai şəxslər onların bu əməllərini pislədi. Onlar təkcə SOCAR mühafizə idarəsinin əməkdaşlarına deyil, eyni vaxtda polislərə qarşı da təxribata əl atmaqdan çəkinmədilər.
Hansı Qarabağ qazisi müharibə vaxtı çiyin-çiyinə vuruşduğu polis əməkdaşına əl qaldırar? Həmçinin, o mühafizəçilər qazilərimizin övladı, oğlu yaşındadır. İnanın ki, heç bir qazimiz övladı yaşında uşağa əl qaldırmaz, bu, bizim milli xüsusiyyətlərimizlə, ənənələrimizlə ziddiyyət təşkil edir.
– Təşəkkür edirik.
– Bu məsələdə obyektiv fəaliyyətinə görə mətbuata bir daha təşəkkür edir, uğurlar arzulayıram.
DiasporPress.az