Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım mərasimi keçirilib.
BAK-ın mənzil-qərargahında baş tutan tədbir soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Mərasimdə BAK sədri Elsevər Məmmədov, sədr müavini Sima Cəfərova çıxış ediblər. Natiqlər 1918-ci ildə ermənilərin xüsusi amansızlıqla və vəhşiliklə xalqımıza qarşı kütləvi şəkildə törətdikləri 31 mart qırğını barədə ətraflı məlumat veriblər, bununla bağlı Niderland parlamentinə bəyanat ünvanlandığını bildiriblər.
Tədbir iştirakçıları ötən əsrdə ermənilərin dəfələrlə xalqımızın başına gətirdiyi soyqırım aktlarının unudulmadığını, erməni faşizminin səbəb olduğu insanlığa zidd cinayətlərin bütün təfərrüatı ilə dünya birliyinin, o cümlədən Niderland ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıblar.
Mərasim erməni faşizminin qurbanı olmuş şəhidlərimizin ruhuna duaların oxunması ilə başa çatıb.
Diasporpress.az