ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və hazırda ABŞ-da yerləşən Xəzər Siyasət Mərkəzinin İdarə heyətinin üzvü olan Robert Sekuta Azərbaycandakı iqtisadi islahatlara məqalə həsr edib.
DiasporPress.az Robert Sekutanın “Azərbaycanda genişləndirilmiş iqtisadi islahatlar” adlı məqaləsini təqdim edir:
Keçən həftə Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbərliyində baş vermiş dəyişikliklər (nazir Şahin Mustafayev Baş Nazirin müavini postuna, Vergilər naziri Mikayıl Cabbarov isə vergi yığımı və siyasətinə nəzarəti saxlamaqla, İqtisadiyyat naziri vəzifəsinə təyin olundu) Azərbaycanın ehtiyac duyduğu iqtisadi islahatların genişləndirilməsi və sürətləndirilməsi üçün təkanverici qüvvə ola bilər.
Bu kadr dəyişiklikləri Prezident İlham Əliyevin hökumətdə yer alan 70 yaşdan yuxarı vəzifəli şəxslərin gənclərə və yeni ideyalara yol açmaları üçün kənara çəkilməli olduqlarına dair ictimaiyyətə açıq şəkildə fikir bildirməsi ilə eyni vaxta təsadüf etdi.
“Müasir dünya iqtisadiyyatı haqqında yenilikçi biliklərə sahib olan gənclər məsul dövlət vəzifələrini icra etməlidirlər. Biz XXI əsrdə yaşayırıq və köhnəlmiş zehniyyət və düşüncə ilə gələcəyə doğru irəliləyə bilmərik”, – deyə İlham Əliyev qeyd edib.
1994-cü ildən bəri Prezident Administrasiyasının rəhbəri postunda çalışan Ramiz Mehdiyevin vəzifədən getməsi bu baxımdan xüsusi əhəmiyyət daşıdı. 80 yaşı adlamış R.Mehdiyev Qərb ideya və islahatlarına qarşı şübhəçi yanaşmaya malik birisi kimi xarakterizə edilirdi.
Xarici valyuta və dövlət gəlirlərinin böyük bir hissəsini təmin edən mühüm neft və qaz ehtiyatlarına sahib olmaqla yanaşı, Azərbaycan uzunmüddətli rifah və inkişafı üçün iqtisadiyyatını şaxələndirməlidir.
10 milyonluq Azərbaycan əhalisinin 2/3-dən çoxu 1990-cı ildə və ya daha sonra doğulub və iş yerlərinin açılmasına ehtiyac vardır. Karbohidrogenlər əhəmiyyətli gəlir verə bilər, lakin sektor ağır əmək tələb edir.
İqtisadiyyatı neft və təbii qaz hasilatına olan asılılıqdan uzaqlaşdırmaq, yeni sənaye və müəssisələrin yaradılmasını təşviq etmək, iş yerlərinin növlərini və sayını artırmaq bir neçə ildir ki, qarşıya qoyulmuş vəzifələrdir. 2014/2015-ci illərdə dünya miqyasında neft qiymətlərinin çökməsi hökumətin 2016-cı ildə bir sıra iqtisadi islahatlara başlaması ilə nəticələndi.
Bu islahat proqramı digər ölkələrin təcrübələrini, xarici praktikaları və Azərbaycanda fəaliyyət göstərən müəssisələrin tövsiyələrini əsas götürdü. Sahibkarlığın təşviq edilməsi, eyni zamanda, yaradıcılığın dəstəkləndiyi və risk alan şəxslərin təqdir ediləcəklərini hiss elədikləri biznes iqlimini inkişaf etdirmək üçün hüquqi və tənzimləyici mühitə dəyişikliklər edilməsinə ehtiyac olduğu anlaşıldı.
İqtisadi islahatlar çox vaxt zəruri hesab olunsa da, əksər hallarda bunu görmək çətindir. Bu, ABŞ-da, digər sənayeləşmiş ölkələrdə, inkişaf etməkdə olan bazar iqtisadiyyatı ölkələrində və inkişaf etməkdə olan ölkələrdə bir reallıqdır.
İslahatlar nadir hallarda ağrısız və asan olur və ilkin dəyişikliklər, ya da bir qədər yaxşılaşma ictimaiyyətə kifayətdir demək üçün səbəb ola bilər. İslahatları tez-tez müşahidə edən çətinliklər, yaxud təlatümlər (iqtisadçılar bunu “J” əyrisi adlandırırlar, bir şeyin sürətlə yüksəlməzdən əvvəl çətin və ya pisə doğru getdiyi görünür) islahatları yavaşladan, yaxud dayandıran əks istiqamətli küləklər də yarada bilir.
Problem ondadır ki, şərtlərin daha da çətinləşə biləcəyinə görə islahatlara olan ehtiyac aradan qalxmır. Əksinə, bir sıra ölkələrdə olduğu kimi, islahatları təxirə salmaq və ya kənara qoymaq onları daha çətin, daha ağrılı və zəruri hala gətirir.
İqtisadi islahatlarla bağlı qərarlar Azərbaycana aiddir. Keçən həftəki kadr dəyişiklikləri ölkənin intellektual mülkiyyətin qorunması, şəffaflığın möhkəmləndirilməsi, qanunun aliliyinin yaxşılaşdırılması və korrupsiyaya qarşı mübarizə kimi addımlar atılması ilə islahatların sürət qazanacağına işarədir.
Bu baxımdan, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlara getməlidir; bu təşkilata üzvlük bir çox inkişaf etməkdə olan ölkələr üçün bazar iqtisadiyyatı qaydalarını ciddi tətbiq etdiklərini, qlobal ticarət sistemində tam tərəfdaş və iş üçün açıq olduqlarını göstərən bir əlamətdir.
Ümid edirik ki, hökumət də rəy və gələcək fikirlər əldə etmək, eləcə də, islahatlara əlavə dəstək vermək üçün Azərbaycan iqtisadiyyatındakı bütün səhmdarlarla dialoqu dərinləşdirəcək.
Dünya Bankı hazırda bizneslə məşğul olmağın asanlığı baxımından Azərbaycanı 25-ci yerdə qərarlaşdırıb. Dünya İqtisadi Forumu Qlobal Rəqabətlilik İndeksində Azərbaycanı Yunanıstan, Cənubi Afrika və Türkiyədən önə çıxarıb və “Heritage” Fondu Azərbaycana 65.4 bal verib. Fond mütəxəssisləri hesab edir ki, 60 bal toplamış ölkə üçün bu elə bir mərhələdir ki, düzgün siyasət aparıldığı təqdirdə yüksələrək yaxşı nəticələr əldə edə bilər.
Xəzər bölgəsindəki digər ölkələr kimi, Azərbaycan da çoxsaylı iqtisadi çətinliklərlə üzləşir. Lakin Azərbaycanın kölgə iqtisadiyyatını ələ keçirmək, korrupsiyaya qarşı mübarizəni ikiqat artırmaq, hökumətin iqtisadi fəaliyyətlərə lazımsız müdaxiləsini aradan qaldırmaq, qanunun aliliyini gücləndirmək və sahibkarlığın, iş yerlərinin açılmasına və daha böyük rifaha nail olmaq üçün imkanları vardır.
DiasporPress.az