Ölkə

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi (RHİMİB) özünün təsis olunmasının 3-cü ildönümünü bir qrup şəhid ailəsi ilə birlikdə qeyd edib.

Diasporpress.az xəbər verir ki, RHİMİB sədri Arzu Bağırova Birliyin yaradılmasının 3-cü ildönümünü pandemiya məhdudiyyətlərinə görə geniş keçirmək mümkün olmadığını, ona görə də, şəhid ailələri ilə görüşməyi, ötən dövrdə görülmüş işlər haqqında məhz onlara məlumat verməyi, məhz şəhid ailələri üzvlərini dinləməyi, onların tövsiyyələrini eşitməyi daha məqsədəuyğun saydıqlarını vurğulayıb:

“Birliyimizin qurulmasının 3-cü ili tamam olur. Öncəki iki il içində görülmüş işlərlə bağlı RHİMİB-in açıqlamaları dövri mətbuatda, ictimai birliyin nəşrində öz yerini tapıb. Keçən il QHT fəaliyyəti üçün özünəməxsus çətinliklərlə dolu, xüsusi məsuliyyətli il oldu. Bir tərəfdən qlobal pandemiyadan irəli gələn məhdudiyyətlər, digər tərəfdən 12-16 iyul Tovuz Döyüşləri, 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsi və sonrasında yaşananlar 2020-ci ili öncəki illərdən kəskin şəkildə fərqləndirdi. Sizə məlumat verə bilərəm ki RHİMİB bütün bu müddət ərzində öz mənəvi məsuliyyətini müstəvi üzərində maddiləşdirən bir vətəndaş cəmiyyəti institutu olaraq özünü təsdiq edə bildi. Bu çox qürurverici haldır və bu məmnuniyyəti, qürurumuzu Sizlərlə bölüşə bildiyimiz üçün çox şadıq.

Əziz şəhidlərimizin əziz ailə üzvləri,

biz sizlərə çox minnətdarıq!

Tanrıya şükürlər olsun ki düşmən üzərində tarixi zəfər qazanmışıq, şəhidlərimizin qanı yerdə qalmayıb. Bundan sonra biz vətəndaş cəmiyyəti təmsilçiləri də öz mənəvi məsuliyyətimizi hiss edərək, şəhidlərimizin ruhunun şad olması, tarixi zəfərimizin daha da möhkəmlənməsi, necə deyərlər, azadlıqdan abadlığa, vəhşi düşmənin işğal dağıntılarından dinc quruculuğa keçidə töhfələr verməkçün əlimizdən gələni edəcəyik.

Biləsiniz ki, biz ictimai təşkilat rəhbəri və mənsubları olaraq sizinləyik, sizlər daim bizim könlümüzdəsiz”.

Şəhid Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov, şəhid baş leytenant Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədov, III dərəcəli “Rəşadət” ordenli şəhid polkovnik-leytenant Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin, qızı Aysu Elzamin, şəhid Miqdad Abduləlimovun atası Faiq Abduləlimov, anası Tünzalə Abduləlimova, şəhid Vüsal Məmmədovun anası Mahirə Məmmədova ilə keçirilən görüşdə Millət vəkilləri – Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Məşhur Məmmədov iştirak edib.

Millət vəkilləri Arzu Bağırovanın timsalında RHİMİB-in bütün üzv və təəssübkeşlərini təbrik edib, onlara yeni uğurlar diləyib. Q.Paşayeva və M.Məmmədov RHİMİB-in öz yaranma gününü şəhid ailələri ilə keçirməsini alqışlayaraq, bunun məhz ali dövlət rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından nümunə götürmək kimi xarakterizə ediblər.

 

Diasporpress.az