Qusar rayonunda 4 evdən 25 000 manata yaxın qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr aylarında rayon ərazisində 4 evdən ümumi dəyəri 25 000 manata yaxın olan qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Efəndiyev saxlanılıb.
O, törətdiyi cinayət əməllərini etiraf edib.
Mənzillərdən oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhərində və Quba rayonu ərazisində dəyərindən ucuz qiymətə satan Ş.Efəndiyev əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb. Araşdırma aparılır.